Axundovun yeni əlifba uğrunda mübarizəsi – Bu, soyuq dəmiri döymək kimi bir iş olsa belə

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, maarifçi, ictimai xadim Mirzə Fətəli Axundovun yeni əlifba uğrunda israrlı mübarizə apardığı məlumdur.

Aziz.ge 1 Avqust ­– Azərbaycan Əlifbası və Azərbaycan dili günündə ədibimizin nəticə verməsə belə, yeni əlifbanın tətbiqi istiqamətində göstərdiyi fəaliyyətini xatırladır.  

Maraqlıdır ki, M.F.Axundov yeni əlifba uğrunda mübarizəyə ömrünün son 20 ilini həsr edib. Ədib  əlifba layihəsinə mütəxəssislərin rəy verməsi üçün onu Peterburq, Paris, London, Berlin və başqa şəhərlərə də göndərir, lakin müraciətləri heç bir nəticə vermir. O, müxtəlif ölkələrin mühafizəkar rəhbər və məmurlarının maneələrinə baxmayaraq bu fikrindən dönmürdü. Bunu onun məktubundakı bu cümlələrdən görmək olar:

“Ola bilsin ki, deyəcəksiniz: Mirzə Fətəli, bu, soyuq dəmiri döymək kimi bir işdir. Bəli, bunu mən özüm də başa düşürəm. Lakin yenə də yazıram və nə qədər ki, sağam, yenə də yazmaqda davam edəcəyəm ki, əlifbanı dəyişdirmək fikri bütün xalq arasında yayılmış olsun”.

Mirzə Fətəli Axundov

Dramaturq 23 sentyabr 1857-ci il tarixində Qafqaz canişinliyinin dəftərxana direktoruna yazdığı məruzədə onun əlifba məsələsində necə israrlı və qətiyyətli olduğu üzə çıxır:

“Müsəlmanların ədəbiyyatını ağır vəziyyətdə saxlayan əlifbanın həmişəlik bir maneə kimi yaşamasına imkan vermək olmazdı. Hətta 500 il bundan sonra olsa belə bu əlifbada mütləq bir dəyişiklik əmələ gətirmək lazımdır. Ancaq mən belə bir dəyişikliyi tezliklə icra etmək qərarına gəldim; bütün nöqtələri atdım, indiyə qədər yazılmayan sait hərfləri əlifbaya daxil etdim. Onların hər birisi üçün gözəl şəkillər ixtira etdim. Əlifbanı çatışmayan hərflərlə tamamladım, hərflərin hər birisi üçün nöqtələrin köməyi olmadan xüsusi bir şəkil tapdım, danışmaq və ifadəni aydınlaşdırmaq üçün bir neçə lazımi durğu işarəsi yaradaraq düzgün yazmaq və yazını asan üsul ilə öyrətmək üçün qaydalar göstərdim və bu yol ilə də ərəb, fars və türk dilləri üçün yeni bir əlifba tərtib etdim ki, öz xüsusiyyəti etibarilə köhnə əlifbaya əsla biganə deyil və tamamilə məqsədəuyğundur”.

Elə həmin ildə M.F.Axundov əlifbanın dəyişdirilməsi fikrini fars dilində yazdığı bir kitabçada əsaslandırır. O, 1863-cü ildə Qafqaz canişininin icazəsi ilə İstanbula gedərək Osmanlı dövlətinin sədr-əzəmi Fuad paşayla görüşür və türkcə “Təmsilatı” ilə bərabər gəlişinin məqsədini də yazılı olaraq təqdim edir. Sədr-əzəmin əmri ilə əlifbanın dəyişdirilməsi məsələsi müzakirə edilərək hər cəhətdən əlverişli hesab olunsa da, bəzi hərflərin bitişik olması səbəbindən çap işində çətinlik yaradacağı söylənilib həyata keçirilməsinə icazə verilmir. Bu məsələ ilə bağlı M.F.Axundov yazır:

“Mən dedim ki, bu nöqsanı aradan qaldırmaq üçün köhnə islam əlifbasında tam bir dəyişiklik aparmaq lazım gəlir. Buna görə də islam əlifbasındakı hərflər, avropalıların yazısında olduğu kimi bitişməz olmalıdır. Yazı soldan-sağa doğru yazılmalıdır. Nöqtələr tamamilə atılmalıdır. Hərflərin şəkilləri latın əlifbasından seçilməlidir və sait hərflərin hamısı samit hərflərin sırasında yazılmalıdır. Sözün qısası, sillabi əlifbamız alfabeti əlifba ilə əvəz edilməlidir”.

Bu səfərdən sonra ruhdan düşməyən, ruhanilərə güzəştə gedərək, hətta sağdan-sola yazılışa da razılaşsa da, dini fanatizm sayəsində bir nəticə hasil olmadıqda Mirzə Fətəli tutarlı dəlillərə əsaslanan “Kəmalüddövlə” əsərini yazıb öz daxili üsyanını bədii şəkildə gələcək oxucularına çatdırır.

Maraqlıdır ki, 1918-1923-cü illərdə Mustafa Kamal Atatürkün başçılıq etdiyi milli azadlıq hərəkatından sonra Türkiyədə ədəbi dil normalarının tədqiqi və nəhayət, 1928-ci ildəki “Dil devrimi” adı ilə həyata keçirilən əlifba islahatlarının latına keçid ideyası da Axundovun adı ilə bağlıdır.

M.F. Axundov tərəfindən təklif edilmiş sözügedən əlifbanın layihəsinin fotosurəti Milli Azərbaycan Tarixi Muzeyinin fondunda qorunur.

Xatırladaq ki, Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü ümummilli lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanı ilə təsis edilib.

_____________________________

İstifadə olunmuş mənbə:

  1. “Məhəmməd Həsən Hacınski”. Aydın Dadaşov (Bakı-2004)
  2. “Mirzə Fətəli Axundov tərəfindən təklif edilmiş yeni əlifbanın layihəsi” məqaləsi. Milli Azərbaycan Tarixi Muzeyi