Dramaturgiyamızın banisi Mirzə Fətəli Axundov haqqında çəkilmiş “Səbuhi” filmi Azərbaycanda ilk ekranlaşdırılan tarixi-bioqrafik film hesab olunur. 1941-ci ildə lentə alınmış ekran əsərinin ssenari müəllif Mikayıl Rəfili, birinci rejissoru Amo Beknazarov, ikinci rejissoru isə Rza Təhmasibdir.
Filmdə M.F.Axundov rolunda Azərbaycanın Xalq artisti İsmayıl Dağıstanlı (1906-1980), ədibin həyat yoldaşı Tubu xanımın rolunda isə Azərbaycanın Xalq artisti Leyla Bədirbəyli (1920-1999) çəkilib.
“Səbuhi” filminin 1942-ci ildə Tbilisidə də premyerası olub, həmin dövrün qəzetlərində bu barədə elanlar və məqalələr dərc olunub.
Aziz.ge 2 Avqust – Azərbaycan Milli Kino Günündə həmin məqalələrin maraqlı hissələrini təqdim edir.
Tbilisidə vaxtilə nəşr olunmuş “Zarya Vostoka” qəzetinin 1941-ci il 19 dekabr tarixli 300-cü sayında “Səbuhi” adlı məqalədə müəllif filmin birinci rejissoru Azərbaycan SSR-in erməniəsilli Xalq artisti A.Beknazarovla həmsöbət olub.
Filmin yaxın günlərdə Tbilisi ictimaiyyəti üçün nümayiş etdiriləcəyini bildirən müəllifin sözlərinə görə, ekran əsəri Azərbaycan xalqının görkəmli yazıçısı və maarifçisi Mirzə Fətəli Axundov haqqındadır:
“Film gənc Fətəlinin Tbilisiyə ilk gəliş anı ilə başlayır və onun gələcək yaracıdılıq və ictimia-siyasi həyatını demək olar tam əhatə edir. Tbilisidə Axundov dövrünün bir çox qabaqcıl şəxsiyyətləri – dekabrist Bestujev, şair və yazıçılar Orbeliani, Abovyan, Mirzə Şəfi ilə görüşüb. Filmin əsas mövzusu Axundovun mürtəce qüvvələrə qarşı, Azərbaycan xalqının xoşbəxtliyi və tərəqqisi uğrunda mübarizəsinə həsr olunub”.
Məqalədə qeyd olunub ki, əsas natura çəkilişləri Tbilisidə aparılıb və filmdə ötən əsrin Tbilisisini göstərən bir sıra olduqca maraqlı kadrlar var. “Xüsusən də həvəskarların səyi ilə Axundovun “Hacı Qara” pyesi və digər əsərlərinin nümayiş etdirildiyi teatr. Filmin ən mühüm anlarından biri odur ki, Axundovun Azəraycanda və bütün Şərqdə əlifbanın latınlaşdırılması uğrunda apardığı həvəsli mübarizəsini tamaşaçıya ötürür. Axundovun bu arzusu Azərbaycanda uzun illərdən sonra, yalnız sovet hakimiyyəti dövründə həyata keçdi”.
Müəllifin sözlərinə görə, filmin mərkəzi obrazı – Mirzə Fətəli Axundovu (Səbuhini, ədibin təxəllüsü olub) Azərbaycan SSR-in Əməkdar artisti, ilk dəfə kinoda çəkilən İsmayıl Dağıstanlı tərəfindən çox yaxşı canlandırılıb və digər aktyorlar da böyük ustalıqla rollarının öhdəsindən gəliblər.
A.Beknazarov “Səbuhi” üzərində işlər aparılarkən qarşıya qoyulan əsas məqsəddən söz açıb: “Mən qarşıma əsas məqsəd kimi belə bir vəzifə qoymuşdum ki, maarifçilərin tarixi rolu kino sənətinin vasitələri ilə göstərilsin. “Səbuhi” bu janrda ilk film olduğundan bunu etmək daha çətin idi”.
“Zarya Vostoka”nın səhifələrində 1941-ci ildə dərc olunmuş digər məqalələrdən məlum olur ki, “Səbuhi”nin Tbilisidə çəkilişləri zamanı Tbilisi kinostudiyası Bakıdan gələn kino işçilərinə xidmət göstərib.
“Kommunisti” qzetinin 1942-1943-cü illərə aid saylarından isə bəlli olur ki, “Səbuhi” bu illər ərzində Tbilisinin əsas kinoteatlarında nümayiş etdirilib.