Niyazi Tbilisi və gürcülər haqqında – Maestronun 41 il öncə gürcü qəzetinə söylədikləri

Bu gün Azərbaycanın görkəmli dirijoru, bəstəkarı, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Niyazi Tağızadə-Hacıbəyovun (1912-1984) anım günüdür. Onun vəfatından 40 il ötür.

Tbilisidə anadan olmuş maestro Niyazi doğma şəhərinin ilk azərbaycanlı fəxri vətəndaşı olub. Bu ad ona 70 illik yubileyinin tamam olduğu 1982-ci ildə verilib.

Maestro 1983-cü ilin mayında doğma şəhərində olarkən gürcüdilli “Kommunisti” qəzetinin müxbiri ilə həmsöhbət olub. Nəşrin 21 may tarixli 116-cı sayında “SSRİ Xalq artisti Niyazi – Bizim qonağımız” rubrikasında məqalə maraqlı – “Sanki övlad valideynləri qarşısında” başlığı ilə oxuculara təqdim olunub.

Məqalədə öncə bildirilib ki, yubileyi münasibətilə Niyazi Gürcüstan SSR-in Ali Şurasının Fəxri fərmanı ilə təltif olunub. Fərmana əsasən, o, 70 illiyi ilə yanaşı bu təltifə sovet musiqi incəsənətinin inkişafına verdiyi töhfələr və çoxillik məhsuldar ictimai fəaliyyətinə görə layiq görülüb.  

Məqalədə, həmçinin Gürcüstan SSR-in Xalq artisti, Zakaria Paliaşvili adına Tbilisi Dövlət Akademik Teatrın o zamankı bədii rəhbəri Cansuq Kaxidzenin (1935-2002) Niyazi haqqında fikirləri də yer alıb.

Cansuq Kaxidze

Aziz.ge oxucularını həmin məqalə ilə tanış edir.

Məqalə bu abzasla başlayır: “Niyazi əslən Tbilisidəndir, gürcü musiqi mədəniyyəti, bütünlükdə gürcü xalqının böyük dostu və şəhərin fəxri vətəndaşıdır. Görkəmli artistlə şəhərimizdə hər görüş əsl musiqi bayramına çevrilir. Niyazinin 70 illik yubileyi, yaradıcılığı və ictimai fəaliyyətinin 50 illiyinə həsr olunmuş budəfəki görüş gürcü və Azərbaycan musiqi mədəniyyətləri arasındakı dostluq tarixinin daha bir parlaq səhifəsidir”.

Niyazinin söylədikləri:

“Sevimli Tbilisimdə özümü həmişə çox yaxşı hiss edirəm. Mən 70 il öncə bu şəhərdə doğulmuşam, gəncliyimi burada keçirmişəm. İndi mən hədsiz sevdiyim müdrik, ziyalı gürcü xalqının qonağıyam. Gəlmişəm ki, onların önündə sanki valideynlərinin qarşısında övlad kimi hesabat verim – bu illər ərzində nələr yaratmışam. Mən müqəddəs gürcü torpağı qarşısında baş əyirəm. Bütün dostlarımla və həmvətənlərimlə görüşdən son dərəcə şadam”.

Maestro həmin günlərdə Tbilisidə verəcəyi konsertində əsasən öz əsərlərinin ifa olunacağını qeyd edərək rəğbət bəslədiyi insanlarla görüşü səbirsizliklə gözlədiyini deyib.

Cansuq Kaxidze görkəmli mədəniyyət və incəsənət xadimi Niyazinin Tbilisiyə səfərinin onlara sevinc bəxş etdiyini söyləyib:

“Niyazinin budəfəki səfərindən də sevincliyik. Niyazi, ilk növbədə, öz xalqının qəhrəmanıdır. Xalq artistinə böyük sevgisini tərəddüd etmədən nümayiş etdirir. Onun unikal istedadının diqqətəlayiq xüsusiyyəti var. Bu, onun hərətəfərli istedadının təbiiliyidir. O, yalnız əla dirijor deyil, çox yaxşı təşkilatçı, Azərbaycan peşəkar musiqisinin banilərinin yaradıcılıqlarının fəal davamçılarından və ilhamverənlərdən biridir. Bütün ömrü boyu titanik enerjisi sayəsində Niyazi hər zaman konsert həyatının yaxşı təşkilatçısı və rəhbəri olub. Bu cür insanlar əvəzolunmazdır.

Şadam ki, bizə Niyaziyə öz rəğbət və sevgimizi nümayiş etdirmək imkanı verilib. Onu 70 illiyi münasibətilə təbrik edirəm və uzun ömür arzulayıram”.

Qeyd edək ki, Gürcüstanın Milli Parlament Kitabxanasının arxivində Niyazinin bir fotoşəklinə rast gəlinir. Fotosənəd Kutaisi Foto-Kino Xronika Muzeyinin kolleksiyasına aiddir, çəkilmə tarixi və məkanı göstərilməyib.

Niyazi