Hər evdə, ürəkdə onun sözü var – Gürcü şairin “Nizaminin vətənində” şeiri

Gürcü şairi, yazıçı və dramaturq Karlo Kaladzenin (1904-1988) poeziyasında xalqlar arasında dostluq və qardaşlığın tərənnümü əsas yer tutub. O, Səməd Vurğunun, Süleyman Rüstəmin, Rəsul Rzanın əsərlərindən, eyni zamanda klassik Azərbaycan poeziyası numunələrindən gürcü dilinə tərcümələr edib.

Karlo Kaladze

Şair Azərbaycan mövzusunda şeirlər də qələmə alıb. Onlardan biri Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəviyə və onun vətəni Gəncə şəhərinə həsr olunub. “Nizaminin vətənində” adlı poeziya nümunəsini dilimizə Əlixan Binnət tərcümə edib. Həmin şeiri təqdim edirik.

Yollar uzandıqca bir nəğmə kimi

Dağların dalına çəkilir gecə,

Öpür düzənləri səhər nəsimi,

Deyəsən çatırıq, görünür Gəncə.

***

Burda Nizaminin odlu sözü var,

Burda o parlayıb günəşsayağı.

Hər evdə, ürəkdə onun sözü var,

Hər qarış torpağa dəyib ayağı.

***

Onun rübabından qopan hikmətə

Zaman çata bilməz, il çata bilməz.

Onun qazandığı sonsuz hörmətə

Ağıl çata bilməz, əl çata bilməz.

***

Leylinin, Məcnunun eşqi yenə də

Alışan ocaqdır, yanan ocaqdır.

Sevinən gənclərin gülüşlərində

Yaşayır, əbədi yaşayacaqdır.

***

Narın qumlar üstə Rustavelinin,

Böyuk Nizaminin izinə düşdüm,

O yolu tutaraq getdiyim üçün

Gəncə qapısına gəlib yetişdim.

***

Rustavi şəhəri arxada qaldı,

Söz indi bu elin, bu torpağındır.

Bizim Gürcüstana – düşünürəm mən, –

Gəncə qapıları gör nə yaxındır!