Qərbi Azərbaycan kəndlərindən biri olan Ozanlar Dərəçiçək mahalında yerləşib.
“Qərbi Azərbaycanın türk mənşəli toponimləri” kitabına (Bakı-2002) əsasən, 1960-cı ildə kəndin azərbaycanlı sakinləri deportasiya olunub və kənd ləğv edilib, azərbaycanlılara məxsus tarixi abidələr dağıdılıb. 1946-cı ildə kəndin adı dəyişdirilərək Avazan qoyulub.
Vaxtilə Tiflisdə nəşr olunmuş “Zarya Vostoka” (Şərqin şəfəqi) qəzetindən məlum olur ki, Ozanlar kəndində mineral su bulağı olub.
Nəşrin 12 noyabr 1924-cü il tarixli 725-ci sayında İrənvandan verilən xəbərlər bölməsində “Ozanlar bulağı” başlıqlı məlumatda bildirilib:
“Dərəçiçək rayonundakı Ozanlar kəndi yaxınlığında məşhur mineral su mənbəyinin analizi göstərib ki, bu mənbə suyun tərkibindəki qaz və minerallara görə Kislovodskun “Narzan”ından daha güclüdür.
Ermənistanın Ali Xalq Təsərrüfatı Şurasında suyun müalicə məqsədilə istifadəsi və Ozanlar kəndi yaxınlığında kurort və yaxud sanatoriyanın inşası barədə məsələ qaldırılıb”.
Qəzetin 1927-ci ilin yavnarın 27-də işıq üzü görmüş 1388-ci sayında isə bulaq haqqında “Mineral suların tədqiqi” başlıqlı xəbərdən bəlli olur ki, su ilə bağlı tədqiqatların aparılması və kurortun tikilməsi barədə planlar hazırlanıb:
“Rəssam-memar Yesnov və kimyaçı Karsner Ozanlar mineral su mənbəyinə baş çəkiblər və suyun kimyəvi xüsusiyyətlərinin tədqiqi üçün 10 şüşə götürüblər. Ozanlar mineral suyu qələvi-karbonatlıdır”.
Ozanlar mineral su mənbəyi, kurortun inşa olunub-olunmaması barədə o dövrün Tiflis mətbuatında başqa məlumatlara rast gəlinmir. Bulağın da Qərbi Azərbaycanın digər mədəni və dini abidələri kimi məhv edildiyini ehtimal etmək olar.
Aziz.ge