Bu gün XIX əsr Azərbaycanın görkəmli şairəsi, rəssam və xeyriyyəçi Xurşidbanu Natəvanın (1832-1897) anadan olmasından 192 il ötür.
Aziz.ge Xan qızının doğum günündə onun Tiflislə əlaqələri, Mirzə Fətəli Axundovla münasibətləri və şəhərdə çəkdiyi rəsmləri barədə məlumat təqdim edir.
Şuşalı Xan qızı həyat yoldaşı dağıstanlı knyaz Xasay xan Usmiyevin qulluğu ilə əlaqədar olaraq 4-5 ilə yaxın Tiflisdə yaşayıb. Şəhərin onun şair və rəssam kimi formalaşmasına böyük təsiri olub. Tiflis mühiti Xan qızına Qafqazın çoxmillətli mədəniyyəti ilə tanış olmaq və ondan bəhrələnmək imkanı yaradıb.
Natəvan Tiflisdə rus, gürcü mədəni cəmiyyətlərinə qoşulmuş, özü də milli ənənəsi, kübarlara məxsus davranışı və üç dildə sərbəst danışması ilə bu cəmiyyətlərdə maraq oyada bilib. Xanq qızının Şuşada yaratdığı “Məclisi-üns” adlı şairlər cəmiyyətinin üzvləri Natəvanın Tiflisdə olduğu zamanlar özlərini başsız hesab edirdilər. Ədəbi məclis o gəlincə bağlı qalırdı.
Şairənin Tiflisdə olduğu dövrdə böyük dramaturq və mütəfəkkir Mirzə Fətəli Axundovla görüşməsinə dair məlumatlar var. Dramaturqun Natəvanın vərəsəlik hüququnun bərpası ilə bağlı şairəyə kömək etdiyi bildirilir.
Ədibin 1853-cü ildə görkəmli şair Qasım bəy Zakirə (1784-1857) yazdığı “Qasım bəy, eşitdim yaxın olubsan, Xan qızına…” misrası ilə başlayan mənzun məktubundan məlum olur ki, o, Natəvanla yaxından tanış olub, ona köməyi dəyib və Natəvanın xeyir işində iştirak edib. Xan qızından bir qədər üzrxahlıqla həmin məktubda M.F.Axundov
Mənim vardır, gərçi, bir az günahım,
Sən get hüzuruna, ol üzrixahım.
De, ey padişahım, ey qibləgahım,
İncimə, gər etdim şikayət izhar.
bəndi ilə Natəvana dərin hörmət bəslədiyini bildirib, şairənin xəstəliyindən pərişanlığını ifadə edib.
Xan qızı incə zövqlü rəssam kimi tanınıb. O, Tiflisdə oğlu Mehdiqulu xanın yanında olarkən bir neçə gözoxşayan – “Metex qalası”, “Şeyx Sənan dağı”, “Narınqala”, “Kür qırağı” və “Müctəhid bağı” adlı mənzərələr də çəkib. Bu əsərlər Natəvanın 1886-cı ildə hazırladığı 227 səhifəlik “Gül dəftəri” adlı alboma (Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılır) daxil edilib.
Natəvanın Tiflisdə çəkdiyi mənzərə şəkilləri barədə filoloq Bəylər Məmmədovun (1924-1991) söylədikləri:
“Əgər Vaqif Tiflisin gözəlliyini şeirləri ilə mədh etmişdirsə, Natəvan öz rəsmləri ilə bu gözəlliyi tamamlamışdır”.
_____________
İstifadə olunmuş mənbə:
1.“Xurşidbanu Natəvan. Əsərləri” kitabı. Bakı-2004
2.Feyzulla Qasımzadənin “Mirzə Fətəli Axundovun həyat və yaradıcılığı” kitabı (Bakı-1962)
3. “Neçin gəlməz” kitabı. Bakı-2012