Bu il “Mən mahnı qoşuram” («Я придумываю песню») musiqili bədii fillminin 45 yaşı tamam olur. 1979-cu ildə SSRİ Dövlət Teleradio Komitəsinin sifarişi ili “Azərbaycanfilm” kinostudiyasının istehsal etdiyi ekran əsərində əsas rollardan birində Gürcüstanın Xalq artisti Kote (Konstantine) Dauşvili (1909-1980) çəkilib.
K.Dauşvili görkəmli kino və teatr xadimlərimiz – Nəsibə Zeynalova, Həsənağa Turabov, Amaliya Pənahova, Ağasadıq Gəraybəyli və digərlərinin yer aldığı filmdə mehriban və xeyirxah kənd ağsaqqalı – Bəhmən dayı obrazını yaradıb. Bu rol gürcü aktyorun kinoda son işi olub.
Aziz.ge Gürcüstan teatrı və kinosu tarixində görkəmli yer tutan aktyorun həyatı və yaradıcılığı barədə gürcü mətbuatına istinadla ətraflı məlumat təqdim edir.
Çəkildiyi filmlərə heç vaxt baxmırdı
K.Dauşvili Bakıda anadan olub. Aktyorluq fəaliyyətinə 1928-ci ildə 18 yaşı olarkən Tbilisidə Qırmızı Ordu teatrında başlayıb. 1934-1935-ci illərdə Bakıda gürcü teatrında çalışıb. 1942-1959-cu illərdə Kote Marcanişvili adına Dövlət Teatrının aparıcı aktyorlarından olub və bir sıra yaddaqalan obrazlar yaradıb. Aktyor 50-yə yaxın filmdə çəkilib. O, həmçinin məşhur “Mimino” filmində (1977) də rol alıb.
K.Dauşvili haqqında 2020-ci ildə “Tbiliselebi” (Tbilisililər) jurnalında dərc olunmuş məqalədə yazılıb ki, o, özü çəkildiyi filmlərə heç vaxt baxmırdı, çünki ekranda özünü heç vaxt bəyənmirdi.
Məqalədə deyilir:
“İlk baxışda ən sərt görünüşə və təbiətə malik olan aktyor uşaq kimi sadəlövh, ədalətli və dürüst insan olub. Üzündə mübahisələrin birinin izi görünürdü – o, dava zamanı qaşını zədələmişdi və bu çapıq ona ömrünün sonuna qədər həmin xoşagəlməz hadisəni xatırladırdı. Aktyor Bakıda doğulub, Tbilisidə böyüyüb, kino və teatrın sehrli dünyasını burada kəşf edib”.
Kinoya görə teatrdan qovulma
Aktyorun kinoya meyllənməsi ona baha başa gəlib. Belə ki, Kote Marcanişvili adına Dövlət Teatrının rejissoru Kote Marcanişvilinin Moskvada olmasından istifadə edən teatr rəhbərliyi aktyoru məşqlərə gəlmədiyinə görə işdən azad edir. Tbilisiyə qayıdan K. Marcanişvili aktyorun məşqlərə gəlməməsinin əsl səbəbini biləndən sonra teatr rəhbərliyindən K.Dauşvilinin işə bərpa olunmasını xahiş edir. Aktyoru teatra qaytarırlar, lakin K. Marcanişvilinin vəfatından sonra onu yenə işdən qovurlar.
Aktyorun həyatının növbəti mərhələsi Bakı ilə bağlıdır, burada o, gürcü teatrında çalışırdı. Vətən həsrəti üstün gəlir və K.Dauşvili sevdiyi işlə məşğul olsa da, hər şeydən imtina edərək Gürcüstana qayıdır. Tbilisiyə dönən aktyor kinostudiyada işə başlayır, lakin dostları və həyat yoldaşı ondan teatra qayıtmasını təkidlə xahiş edirdilər. Aktyor istəməsə belə, onların xahişini yerinə yetirir və K.Marcanişvili adına Dövlət Teatrına qayıdır. Lakin o, sonda teatrdan imtina edir və yekun seçimi kino olur. K.Dauşvili ömrünün sonuna qədər Gürcüstan kinematoqrafiyasına sadiq qalır və unudulmaz obrazlar yaradır.
Kote digərlərinə sevinc bəxş edəndə xoşbəxt olurdu
Aktyor iki dəfə evlənib. İlk dəfə 23 yaşında Ketevan Taktakişvili ilə ailə həyatı qurub və onların Cangir adlı övladları dünyaya gəlib. Cangirin peşəsi hərbi mühəndis olub. K.Dauşvili ikinci dəfə Ketevan Ketiladze ilə evlənib və cütlüyün Givi adlı oğulları anadan olub.
Mehriban, dostcanlı və insanpərvər – həmkarları K.Dauşvilini belə xarakterizə edirlər. Aktyorun dostları onun qonaqpərvərliyini də yaxşı xatırlayırdılar. Onların sözlərinə görə, aktyor evinin zirzəmisində şərab və digər spirtli içkilər hazırlayırdı, içkiləri ad və soyadının ilk hərfləri ilə “Kade” adlandırmışdı.
Bütün Gürcüstanın sevgisini qazanan aktyor
K.Dauşvilinin ikinci həyat yoldaşı Ketevan xanım dünyasını dəyişəndə aktyor çox iztirab çəkib. Sarsıntı keçirən aktyor yol qəzasına düşür və ayağını sındırır. Uzun müddət müalicə olunur və 72 yaşında vəfat edir.
“Kviris palitra” qəzetində aktyor haqqında 2012-ci ildə dərc olunmuş məqalədən:
“Kote digərlərinə sevinc bəxş edəndə xoşbəxt olurdu. Belə olurdu: o, özünü başqalarına həsr etməyi sevirdi və əvəzində heç nə istəmirdi. Amma Kote Dauşvili artıq “qarşılıq” almışdı – bu, qohumların, dostların və bütün Gürcüstanın ona olan böyük sevgisi idi”.