Mirzə Fətəli Axundov şəxsiyyəti xatirələrdə – O, heç vaxt kasıblardan yazdığı ərizə üçün pul almırdı

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Mirzə Fətəli Axundov (1812-1878) qəlbi açıq, sadə və  mehriban insan olub.  Bu barədə “Literaturnaya Qruziya” jurnalının səhifələrində Vaso Çaçanidzenin çap etdirdiyi “Mirzə Fətəli Axundov və Qriqol Orbeliani” adlı xatirədə söz açılıb.

Aziz.ge “Azərbaycan yazıçıları və Tiflis ədəbi-bədii mühiti (1820-1905)” kitabından (Müəllifi Adil Mişiyev, Tbilisi -1987) həmin hissəni təqdim edir.

Nəşrdə deyilir ki, azərbaycanlı yazıçı təkcə Gürcüstan paytaxtının tanınmış adamları, maarif xadimləri və yüksək rütbəli məmurları ilə əlaqa saxlamırdı. O, özünə ikinci vətən saydığı Tiflisin sadə zəhmət adamlarına rəğbətlə yanaşır, lazım gəldikcə onların haqlarını müdafiə edirdi.

V.Çaçanidze Axundovun Tiflis sakinlarinə münasibətindən bəhs edərək yazır:

“M. F. Axundov o dövrün kasıblara həqarətlə baxan və onları bacardıqları qədər çox soymağa çalışan acgöz məmurlarından deyildi. İnsanpərvərliyi, xeyirxahlığı, namusluluğu ilə Mirzə köhnə Tiflisin Xarpuxi, Meydan, Ortaçala kimi əhalisi əsasən yoxsullardan ibarət olan məhəllələrin əsl məhəbbət və hörmətini qazanmışdı. O, hamını açıq ürəklə qarşılayır, diqqətlə dinləyir, lazımlı məsləhətlər verir və heç vaxt kasıblardan yazdığı ərizə üçün pul almırdı. M. F. Axundov hamıya hörmətlə yanaşırdı, elə buna görə də sadə adamlar onu sevirdilər, rus dilində əziz, sevimli sözünün ekvivalenti olan “can” kəlməsi həmişə M. F. Axundovun adının qarşısında işlədilirdi. Bu, sadə xalqın ona bəslədiyi məhəbbətin, hörmət və ehtiramın əsl təzahürü idi”.

Bu sətirlər M.F.Axundovu Tiflis mühitində yalnız bir yazıçı və ictimai xadim kimi deyil, həm də yüksək bəşəri keyfiyyətlərə malik bir insan kimi səciyyələndirməyə imkan verir.

Müəllifi Feyzulla Qasımzadə olan “Mirzə Fətəli Axundovun həyat və yaradıcılığı” kitabında da (Bakı-1962) xatirələrə əsasən dramaturqun şəxsi keyfiyyətləri yüksək dəyərləndirilib, onun xoşsima və hazırcavab olduğu bildirilib.

“Qəm və qüssələrinin çoxluğuna baxmayaraq o üzügülər, xoşsima, zarafatcıl bir insan idi; gözəl məntiqi, danışığı, ağıllı və hazırcavabcasına çıxışları ilə məclisdəkiləri özünə valeh edərdi. Adətən axşamlar dostları və yaxın qohumları onun evinə toplaşırdılar. Mirzə Fətəli evinə toplaşanları həmişə xoş bir sifətlə qəbul edərdi, vaxtını onlarla şirin söhbətdə keçirərdi, bəziləri ilə nərd oynamağı sevərdi. M.F.Axundov çox yazdığından və əli yorulduğundan xalça üzərində Şərq sayağı əyləşib, rahat olmaqdan ötrü xüsusi dayaq üzərində ağac qələmlə yazardı. O, kağızları yazı stolunu əvəz edən və o qədər də böyük olmayan bir sandığın içərisində sadəcə olaraq üst-üstə yığardı. Adətən gecə yazardı. Həm də ev şəraitində hazırlanan piy şamlardan istifada edərdi, bunların iyi onu çox əsəbiləşdirərdi. Bir dəfə kim isə ona hədiyyə olaraq o vaxta qədər onun görmədiyi və nədənsə türklər arasında “kartof şamı” adı qazanan stearin şamları göndərmişdi, o bundan çox sevinmişdi, bu şamlar yalnız onun gecələr işlədiyi vaxtlarda yandırılırdı. Sonralar o qədər də mükəmməl hala gətirilməmiş ağ neft lampaları meydana çıxdı, bunlar da öz pis iyi ilə onu hirsləndirirdi”.