Gürcü şairi Simon Çikovaninin (1902-1966) yaradıcılığında ömrünün bir hissəsini Naxçıvan və Gəncədə keçirmiş Nikoloz Barataşvili haqqında “Gəncə gündəliyi” (“Gəncə dəftəri”) adlı lirik-epik poeması xüsusi yer tutur. Həmin poemanın “Qönçəbəyimin mahnısı” hissəsini dilimizə Əflatun Saraçlı tərcümə edib.
Qeyd edək ki, Qonçabəyim Kəngərli nəslindən olub. Onun Naxçıvanın axırıncı xanı Ehsan xanın qızı olduğu bildirilir. Şair N.Barataşvilinin Naxçıvanda yaşadığı zaman Qönçəbəyimlə ədəbi məclislərdən birində tanış olduğuna dair məlumatlar var. Azərbaycanlı xanım 12 yaşında ikən zorla ərə verilib, şeirləri vasitəsilə kədərini də ifadə edib.
S.Çikovaninin “Qönçəbəyimin mahnısı” şeirini təqdim edirik.
Azərbaycanlı qız, a Qönçəbəyim,
Sanki yaraşıqsan sən yerə, göyə,
İlahi, partladı qəmdən ürəyim,
Kədər yaraşarmı bu gözəlliyə?!
***
Niyə Leyli kimi nalə çəkirsən?
Bu halın qəlbimi yandırıb yaxır
Niyə gözlərindən qan-yaş tökürsən?
Mənim də gözümdə şimşəklər çaxır.
***
O xumar gözlərin dənizdən dərin,
Kədər kitabını varaqlayırsan.
Axı, sən gözüsən şux gözəllərin,
Bəs niyə əcəli soraqlayırsan?
***
Fəqət qəmli gəzir bağda o nigar,
Özünü məhv edir hey bilə-bilə.
Nədir bu inilti, şikayət, ah-zar?
Danışır dərdini çiçəyə, gülə:
***
“Bir quru bədənəm, üzülüb ürək,
Çatdırsın hər yana dərdimi yellər,
Sevgisiz bu həyat nəyimə gərək?
Qoy qazsın bu bağda qəbrimi ellər.
***
Həmdəmim bu tənha pətəkli cökə,
Şahiddir qəlbimin qəm-qubarına.
Bürüsün qəbrimi yaş tökə-tökə
Özünün saralmış yarpaqlarına”.
***
Beləcə canına qəsd etdi, aman,
Ondan odlu nəğmə, qəmli söz qaldı.
Köçdü Qönçəbəyim, köçdü dünyadan,
Ellər bu dəhşətdən xəbərsiz qaldı.
Həmçinin oxu:
Nikoloz Barataşvili və Azərbaycan – I hissə