Bakıda adına təqaüd təsis edilmiş pedaqoq, Gürcüstanın Əməkdar müəllimi –  Mixeil Taktakişvili

Tanınmış gürcü pedaqoq və ictimai xadim Mixeil Taktakişvilinin (1872-1954) 50 illik pedaqoji fəaliyyətinin bir hissəsi Azərbaycanla bağlı olub. O, Gəncə və Bakı şəhərlərində müəllim kimi çalışıb, təhsilin inkişafına töhfələr verib.

Aziz.ge oxucularını M.Taktakişvilinin fəaliyyəti ilə yaxından tanış edir.   

Mixeil Taktakişvili

Pedaqoq 1872-ci ildə Qori qəzasının Kvemo Xviti kəndində anadan olub. Tiflisdə gimnaziyanı bitirdikdən sonra Odessa Universitetinin Fizika-riyaziyyat fakültəsinə qəbul olunub və 1895-ci ildə ali təhsilini başa vurub. Elə həmin ildə Gürcüstana qayıdıb və böyüklər üçün bazar günü məktəbində dərs deməyə başlayıb.

Daha sonra Yelizavetpoldakı (indiki Gəncə) kişi və qadın gimnaziyasına göndərilib və yeddi il ərzində təhsil ocağında riyaziyyat və fizikanı tədris edib. M.Taktakişvili həmçinin Gəncə Meteoroloji Stansiyasının rəhbəri və Tiflis Fizika Observatoriyasının müxbiri olub.

1903-cü ildə o, Tiflis Kommersiya Məktəbinə riyaziyyatın tədrisi üçün dəvət alıb. 1905-ci ildə Bakı Kommersiya Məktəbinin şurası onu təhsil müəssisəsinin inspektoru, bir ildən sonra isə direktoru seçib. On bir il ərzində M.Taktakişvili Bakıda gənclərin təlim-tərbiyəsi işinin təşkilində, Bakı Kommersiya Məktəbi üçün xüsusi binanın inşasında bilavasitə iştirak edib. Pedaqoqun təhsilə verdiyi töhfələri layiqincə qiymətləndirilib və Bakı Kommersiya Məktəbində onun adına təqaüd təsis olunub.

Bakı Kommersiya Məktəbinin binası

Onun rəhbərliyi altında Bakıda, 1902-ci ildən üzvü olduğu Gürcülər arasında maarifin yayılması Cəmiyyətinin filialı yaradılıb və 1909-cu ilin fevralında ona rəhbərlik edib. M.Taktakişvili 1915-ci ildə dram komitəsinin Bakı şöbəsinin idarə heyətinə rəhbərlik edib. Komitə tez-tez gürcü tamaşalarını səhnələşdirirdi. Bakıda gürcü teatrının inkişafındakı töhfələrinə görə M.Taktakişvili Bakı Maarif Cəmiyyətinin fəxri üzvü seçilib.

Pedaqoq 1916-cı ildə Kutaisi Kommersiya Məktəbinin direktoru vəzifəsinə dəvət olunduğundan Bakı Kommersiya Məktəbindəki işindən ayrılır. Təhsil ocağının kollektivi və valideynlər komitəsi M.Taktakişviliyə böyük rəğbət əlaməti olaraq onunla vida axşamı təşkil edir.

1921-ci ildə Gürcüstanda sovet hakimiyyətinin qurulmasındna sonra o, Xalq Maarifi Komissarlığının ali təhsil ocaqlarına rəhbər təyin edilib və peşə təhsilinə cavabdeh olub. 1925-ci ildə mühasibat uçotu üzrə ilk kurslara rəhbərlik edib, eyni zamanda kənd təsərrüfatı məktəbində kafedra müdiri olub. Onun iştirakı ilə kənd təsərrüfatı və sənaye texnikaları yaradılıb. 1930-1953-cü illərdə müxtəlif ali məktəblərdə dosent kimi çalışıb, riyaziyyat üzrə mühazirələr oxuyub.

Pedaqoji fəaliyyətinə görə M.Taktakişvili 1931-ci ildə dövlət təqaüdünə layiq görülüb, 1944-cü ildə isə ona Gürcüstan SSR-in Əməkdar müəllimi fəxri adı verilib.

O, Gürcüstanın ictimai və ədəbi həyatında da fəal iştirak edib, hekayələr yazıb və tərcümə edib, jurnal və qəzetlərlə əməkdaşlığı olub. O, həmçinin riyaziyyat haqqında iki dərslik dərc etdirib.

M.Taktakişvili 1954-cü ilin sentyabrın 28-də vəfat edib.

Gürcüstan Milli Parlament Kitabxanasının foto arxivində M.Taktakişvilin iki fotokartoçkası saxlanılır. Fotolar Bakıdakı fotoatelyelərdə çəkilib.  

Həmçinin oxu: