Hənəfi (Məmmədhənəfi) Həsən oğlu Terequlovun (1877-1942) Azərbaycan musiqili teatrı və opera sənətinin inkişafında böyük xidmətləri olub. O, Tiflisdə doğulub və Qori seminariyasının məzunu olub. Təhsilini başa vurandan sonra İrəvan quberniyasında və Bakıda müəllimlik edib, mədəni maarif sahəsində də çalışıb.
H.Terequlov seminariyada təhsil aldığı zaman Azərbaycanın dahi bəstəkarları – Üzeyir Hacıbəyli və Müslüm Maqomayev ilə dostlaşıb. Onların arasında sıx dostluq sonradan qohumluğa çevrilib. Belə ki, Ü.Hacıbəyli H.Terequlovun bacısı Məleykə, M.Maqomayev isə digər bacısı Baydıgül xanımla evlənib.
Qeyd edək ki, Terequlov tanınmış tatarəsilli zadəgan nəslinin soyadıdır. Bu nəslin nümayəndələri XIX əsrin sonlarında Tiflisdə, XX əsrin əvvəllərindən isə Bakıda məskunlaşıb.
Bəzi mənbələrə əsasən, 1920-ci ildə Üzeyir Hacıbəyli “xalq düşməni” kimi güllələnmədən məhz H.Terequlovun sayəsində xilas olunub. Güllələnmə hökmü çıxarılanların siyahısında böyük bəstəkarın adını görən H.Terequlov Nəriman Nərimanovun yanına gedir, vəziyyəti danışır. N.Nərimanov müvafiq orqanlardan həmin siyahını tələb edir, onu cırıb atır.
H.Terequlov həm də aktyor olub, “Arşın mal alan” (1917), “Qız qalası əfsanəsi” (1923) filmlərində çəkilib. O, həmçinin xormeyster olub, Azərbaycanda opera xorunun banilərindən biri sayılır.
Müsəlman Şərqində ilk opera – “Leyli və Məcnun”un səhnələşdirilməsində H.Terequlov da fəal iştirak edib. O, səhnə əsərinin xormeysteri idi və Nofəlin rolunu özü ifa edib. Ü.Hacıbəyli vokal ifanı məhz onun səs diapazonu üçün yazmışdı. Ü.Hacıbəyli və M.Maqomayevin “Kişi və qadın”, “Rüstəm və Söhrab”, “Şah Abbas və Xurşid Banu”, “Əsli və Kərəm, “Arşın mal alan”, “Şah İsmayıl”, “O olmasın, bu olsun” opera və operettalarında əsas və ikinci dərəcəli rolları ifa etməklə yanaşı, səhnə əsərlərinin xormeysteri də olub. (“XX əsrin əvvəllərində teatr sahəsi üzrə Azərbaycan və tatar xalqlarının mədəni əlaqələri (1917-ci ilə qədər” məqaləsindən. Müəllifi Nigar Şərifzyanova)
Azərbaycanın ictimai həyatında da fəal olan H.Terequlov 1905-ci ildə bolşeviklərin partiyasına qoşulub. O, partiyanın tapşırığı ilə tez-tez Tiflis, Qroznı, Vladikavkaz, Rostov şəhərlərinə yollanıb. H.Terequlov bu şəhərlərdə gizli təbliğat işi aparıb, hakimiyyətin qadağan etdiyi kitabları, o cümlədən bolşevik mətbuat orqanı olan “İskra” qəzetinin saylarını yayırdı.
O, Tiflisdə apardığı bolşevik təbliğatına görə 1909-cu ildə növbəti dəfə həbs olunub. Gürcüstan Milli Arxivinin xüsusi fondunda saxlanılan Tiflis Quberniyası Jandarm İdarəsinin sənədləri arasında H.Terequlovun həbsi barədə iki kartoçkadan ibarət 4543 saylı arayışa rast gəlinir. Arayışdan məlum olur ki, həbs iyulun 17-də həyata keçirilib.
Sənəddə H.Terequlovun həbsi zamanı çəkilən fotoları (anfas, profil və bütün qamətilə), yaşı, doğum tarixi, əsas əlamətlərinin təsviri və barmaq izləri (daktiloskopiya) yer alıb. Arayışda azərbaycanlı ictimai xadimin həbsinin səbəbi göstərilməyib. H.Terequlovun Tiflisdə həbsdə olduğu müddət barədə məlumatlara rast gəlinmir.
İnqilabçı fəaliyyətini davam etdirən H.Terequlov 1917-ci ildə kiçik qardaşı Əli Terequlovla birgə Bakıda “Birlik” adlı bolşevik təşkilatı təsis edir, 1919-cu ildə qardaşlar Həştərxana yollanırlar. H.Terequlov 1920-ci ildə Bakıya qayıdır, şəhərin ictimai və mədəni həyatında aktiv iştirak edir, bir sıra mədəniyyət qurumlarında rəhbər vəzifələrdə çalışır.
H.Terequlov 1942-ci ildə Bakıda vəfat edib.
Aziz.ge