Bu gün Azərbaycanın ilk qadın Xalq şairi Mirvarid Dilbazinin (1912-2001) anadan olmasından 112 il ötür.
Aziz.ge oxucularını şairənin Gürcüstan mövzusunda qələmə aldığı şeirlərin bir neçəsi ilə tanış edib. M.Dilbazinin görkəmli gürcü ədib, ictimai xadim İlya Çavçavadzeyə (1837-1907) də şeir həsr edib. “Şair kimi yaşatdı zaman” adlı poeziya nümunəsi 1959-cu ildə Saquramoda yazılıb.
Qeyd edək ki, Tbilisi yaxınlığında yerləşən bu kənddə İ.Çavçavadzenin mülkü olub. Həmin binada İ.Çavçavadzenin ev-muzeyi fəaliyyət göstərir. Görkəmli ədib 1907-ci ilin avqustun 30-da həyat yoldaşı ilə birgə faytonla Tbilisidən Saquramoya gedərkən odlu silahdan açılan atəş nəticəsində ölümcül yaralanıb.
Şeirdən məlum olur ki, M.Dilbazi İ.Çavçavadzenin ev-muzeyinə baş çəkib. Otaqlarda gördüklərini təsvir edən M.Dilbazi böyük ədibin həyatda olmamasına təəssüf edir, İ.Çavçavadzenin nəğmələrinin yaşadığını vurğulayıb.
“Şair kimi yaşatdı zaman” şeirini təqdim edirik.
Bu yerlərin Saquramo çağrılır adı,
Küləklərin yavaşıyır burda qanadı.
Günəş bura zər axıdır, Ay gümüş işıq.
Bir binanın qarşısında fikrə dalmışıq.
***
Yaraşıqlı karetalar keçən yolları
Örtmüş vəhşi dağ otları, tikan kolları…
Otaqları dolaşırıq hər şey yerində.
Açıq qalmış bir dəftər var miz üzərində.
Qurtarmamış bir şeirin də son misraları,
Qələm çoxdan yonulmamış, vərəqlər sarı…
***
Dəbdəbəli məclislərdən, kefdən, büsatdan,
Səsi, küyü, gurultusu boş bir həyatdan
Üz döndərib gəlmiş bura böyük bir şair,
Özü getmiş, nəğmələri ancaq yaşayır.
Knyazlığın vaxtsız ölmüş bu son “varisi”,
Yaşatmamış varı, mülkü onu bircə an.
Yalnız ona həyat vermiş söz mirvarisi,
Yalnız onu şair kimi yaşatmış zaman.
Həmçinin oxu:
Qəhrəman insanların Vətəni Abxaziya! – Mirvarid Dilbazinin şeiri
Gürcüstanı kim sevməyir bir gözəl kimi – Mirvarid Dilbazinin şeiri