“Almaz sarayı”  – Mirzə Rza xan İrəvaninin Tbilisidəki evi, Şərq üslubunda bənzərsiz bina

Tbilisinin ən qədim rayonlarından biri Sololaki tarixi binalarla zəngindir. Burada demək olar hər addımda qarşıya əzəmətli qədim tikililər çıxır. Rayonun Çonkadze küçəsi 11 ünvanında bir memarlıq abidəsi var ki, o, ilk növbədə Şərq üslubu ilə diqqəti cəlb edir. Tarixi tikiliyə yaxınlaşıb giriş qapısı və dəmir hasarları diqqətlə gözdən keçirəndə üzərində fars dilində yazıları, simvolları görmək mümkündür.

Vaxtilə “Almaz sarayı” adlandırılan bu qədim tikilinin maraqlı tarixçəsi var.

Aziz.ge Tbilisidə bənzəri olmayan Şərq memarlıq nümunəsi haqqında gürcü mənbələrinə istinadla ətraflı məlumat təqdim edir.

Alman mühəndisdən alınan tikili Şərq üslubunda tərtib olunub

Binanın tarixçəsi 1890-cı ildən başlayır. Tikilinin ilk sahibi Tiflisdə çalışan alman mühəndis olub. Həmin ildə tikilini ondan İranın Tbilisidəki o zamankı baş konsulu Mirzə Rza xan Ərfəüddövlə alıb. Binanı əldə edəndən sonra Mirzə Rza xan Təbrizdən və Avropadan mütəxəssislər dəvət edib və tikili şərq üslubunda tərtib olunub. Digər qiymətli materiallarla yanaşı tikili çoxüzlü güzgülü fraqmentlərlə də bəzədilib və buna görə də bina “Almaz sarayı” adını alıb.

“Avropa və İslam elementllərinin bacarıqlı uyğunlaşdırılması sayəsində bina bənzəri olmayan və çox cazibədar görkəm alıb”. (Marine Aleksidze, Qriqol Beradze, İrina Koşoridzenin “Ərfəüddövlə və Gürcüstan” adlı kitabından)

Mirzə Rza xan kim olub?

1846-cı ildə Təbrizdə doğulan Mirzə Rza xan İran ordusunun generalı, görkəmli diplomat və ictimai-siyasi xadim olub. Əsli İrəvandandır. O, Hacı Mirzə Şeyx Həsən İrəvaninin oğlu olub. İlk təhsilini Tiflisdə alıb. “Ərfəüddövlə” Mirzə Rza xanın ləqəbi olub, dövlətin yüksək adamı mənasını verir. O, Tiflisdə İranın baş konsulu vəzifəsində 1889-1895-ci illərdə çalışıb.

Mirzə Rza xan

Mirzə Rza xan 1899-cu ildə Haaqa sülh konfransında fəal iştirak edib, Millətlər Liqasının yaradılmasından sonra ilk iranlı nümayəndə olub.

1904 və 1933-1937-ci illərdə Nobel Sülh Mükafatına 5 dəfə namizədliyi irəli sürülüb. İranda maarifçi və ədəbi fəaliyyətinə görə də tanınıb, poetik əsərlərini “Daneş” təxəllüsü ilə qələmə alıb. Bir çox ölkələrin orden və medalları ilə təltif olunub.

Sarayın təntənəli açılışı, şərab fontanı

İran konsulluğunun yerləşdiyi və baş konsulun yaşadığı “Almaz sarayı”nın rəsmi açılışı 132 il öncə – 16 iyul 1892-ci il tarixində təntənəli mərasimlə baş tutub. Mirzə Rza xan mərasimi İran şahı Nasirəddin şah Qacarın doğum gününə həsr etmişdi. Baş konsulun tapşırığına əsasən sarayın mərmər hovuzu elə quraşdırılmışdı ki, fontandan su əvəzinə qırmızı Kaxuri şərabı vururdu. Mərasimdə iştirak edən qonaqlar şərabı bir başa hovuzdan içirdilər. Şərab hovuzu və fontanı üçün təqribən 4 minə yaxın şərab şüşəsindən istifadə olunduğu bildirilir. Fontanı daha cəlbedici etmək məqsədilə hovuzun üzərində havadan yüzlərlə Çin və yapon fənərləri asılmışdı.

Mirzə Rza xan

Qonaqların şərəfinə konsert də verilib. Proqramda hərbi orkestr və bəzi mənbələrə əsasən Azərbaycanın görkəmli xanəndələrindən biri olan Bülbülcan təxəllüslü Əbdülbaqi Zülalov da çıxış edib. Mərasimin sonunda atəşfəşanlıq da təşkil olunub.

Mənzərəyə valeh olan mərasim iştirakçısı Tiflis qubernatoru Giorgi Şervaşidze Mirzə Rza xana bu sözləri deyib:

“Bu gün axşam siz məni müsəlman etdiniz… Mən şeirlərdə peyğəmbərinizin cənnəti necə təsvir etdiyi barədə oxumuşam, lakin onun mövcudluğuna inanmırdım. Lakin bu gün axşam əmin oldum ki, Məhəmmədin vəd etdiyi cənnət həqiqətən də mövcuddur və o, buraya bənzəyir”.

Mirzə Rza xanın Borjomidəki “Firuzə”si, şəhərin rəmzi

Tarixi mənbələrə əsasən, Mirzə Rza xan Gürcüstanda dörd saray inşa etdirib, onlardan ikisi artıq mövcud deyil. Günümüzə qədər Tbilisidəki “Almaz sarayı” ilə yanaşı Mirzə Rza xanın Borjomidə tikdirdiyi  “Firuzə” sarayı da gəlib çatıb.

1892-ci ildə inşa olunmuş bina Gürcüstanın mədəni irs abidəsidir. Borjominin əsas rəmzlərindən biri olan tikilinin fasadı firuzə rəngli elementlərlə bəzədildiyindən “Firuzə” adlandırılıb. Digər adı “Mirzə Rza xanın evi”dir. Mirzə Rza xanın şəhər kənarındakı evi olmuş tikili oyma naxışları ilə diqqəti cəlb edir. Evin adı, tikildiyi il və sahibinin adı dekorativ naxışlarla yazılıb. Bina daha sonra mehmanxana kimi fəaliyyət göstərib. 2016-cı ildə tarixi bina bərpa edilib, hazırda tikilidə otel yerləşir. Unikal mədəniyyət abidəsinin bərpası və mehmanxananın yaradılmasına 2 milyon ABŞ dolları həcmində investisiya yatırılıb.

Qeyd edək ki, Mirzə Rza xanın Monakoda da şəxsi mülkü olub.

Monakodakı mülk

“Almaz sarayı” bərpa olunacaqmı?

Təəssüflər olsun ki, “Almaz sarayı”nın həyəti və fontanı artıq dağılıb. Hazırda bənzərsiz bina acınacaqlı və baxımsız vəziyyətdədir. Tikilinin Şərq elementləri məhv olmaq üzrədir. Binada bir neçə ailə yaşayır, vestibüldəki tavanın bəzəkli elementləri bir neçə yerdən qopub. Unikal tikilinin bərpaya ciddi ehtiyacı var. Son illərdə binanın vəziyyəti haqqında gürcü mətbuatında dərc olunmuş məqalələrdə binanın bərpasının mümkünsüz olduğu vurğulanıb.