Bu gün Azərbaycanın görkəmli dirijoru, bəstəkarı, SSRİ Xalq artisti Niyazi Tağızadə-Hacıbəyovun (1912-1984) anadan olmasından 112 il ötür. O, 1912-ci ilin avqustun 20-də Tbilisidə anadan olub.
Niyazi sovet dövründə Mirzə Fətəli Axundov adına Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru və baş dirijoru olduğu illərdə teatrın kollektivi Tbilisidə bir neçə dəfə qastrol səfərlərində olub, konsert proqramları ilə çıxış edib. Tbilisidə musiqi bayramına çevrilən həmin konsertlər barədə məlumatlara Gürcüstan paytaxtında həmin dövrdə nəşr olunan qəzetlərdə rast gəlinir.
Aziz.ge həmin məqalələri ixtisarla, əsasən Niyaziyə həsr olunan hissələrini təqdim edir.
Böyük ustad, parlaq temperamentli dirijor
1939-cu ilin martın 17-də Tbilisidə keçirilmiş Azərbaycan musiqisinə həsr olunmuş simfonik konsert haqqında “Zarya Vostoka” qəzetindəki məqalədə yazılıb ki, bütün proqram Niyazinin dirijorluğu altında keçib:
“Bütün proqramı parlaqlıqla, böyük yüksəlişlə gənc istedadlı dirijor-bəstəkar Niyazi apardı. O, yaxşı məktəb, dəqiq zahiri üsullar, ifa olunan əsəri çox yaxşı bildiyini və parlaq temperament nümayiş etdirdi. Onun əsərləri çox yaxşı təəssüratlar buraxdı, “Vətən haqqında” və “Stalin haqqında” mahnıları xüsusilə vurğulamaq lazımdır. Onlar melodik dilinə görə orijinal, mükəmməl uyğunlaşdırılmış, təravət və böyük ifadəliliklə doludur”.
1958-ci ildə Bakıda keçirilmiş “Zaqafqaziya baharı” musiqili festivalında iştirak etmiş Gürcüstan Bəsətəkarları İttifaqının o zamankı katibi Otar Taktakişvili konsert proqramları barədə təəssüratlarını “Zarya Vostoka” qəzetinin müxbiri ilə bölüşüb. O, Niyazinin çıxışlarını xüsusilə qeyd edib:
“Dirijor Niyazi haqqında xüsusilə danışmaq lazımdır. Bu böyük ustad ifa olunan əsərlərə əsl məhəbbətlə yanaşır, onları dərindən dərk edir”.
Qeyd edək ki, O.Taktakişvili (1924-1989) Gürcüstan SSR-in və SSRİ-nin Xalq artisti olub. Gürcüstan SSR-in dövlət himninin musiqisi ona məxsus idi.
“Orkestrə böyük parlaqlıqla Niyazi dirijorluq edir”
1963-cü ilin avqustun 6-da “Zarya Vostoka” qəzetində dərc olunmuş məqalədə də Niyazinin uğurlu dirijorluğu xüsusilə vurğulanıb. “Parlaq, şən incəsənət. Azərbaycanlı dostların yekun konserti” başlıqlı məqalədən məlum olur ki, həmin ilin avqustun 5-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının qastrol səfərinin yekununa həsr olunmuş konsert baş tutub. Səfər çərçivəsində teatrın kollektivi Tbilisidə Azərbaycan musiqisinin korifeyi Üzeyir Hacıbəyovun ilk milli operası “Leyli və Məcnun”dan tutmuş Qara Qarayev və onun yetirməsi Arif Məlikovun baletlərinə qədər 12 tamaşa ilə çıxış edib.
“Zalda teatr orkestrinin ifasında Üzeyir Hacıbəyovun valehedici, milli koloritlə zəngin “Koroğlu” operasından uvertüra səslənir. Orkestrə böyük parlaqlıqla Niyazi dirijorluq edir”, – məqalədə deyilir.
“Salam, Tbilisi! Salam çiçəklər və nəğmələr şəhəri…”
Qastroldan öncə həmin qəzetdə iyunun 30-da Niyazinin müəllifi olduğu “Salam, Tbilisi!” sərlövhəli məqalə işıq üzü görüb. Maestro qastrol zamanı tbilisililərə təqdim olunacaq əsərlər barədə ətraflı məlumat verib. “Salam, Tbilisi! Salam çiçəklər və nəğmələr şəhəri, açıq ürəklər və təbəssümlər şəhəri, isti günəş şəhəri, dostlar və qardaşlar şəhəri!” cümləsi ilə başlayan məqalədə Niyazi bildirib ki, qastrol Üzeyir Hacıbəyovun “Koroğlu” operası ilə başlayacaq.
“Ənənəyə sadiq qalaraq şəhərinizdə qastrola başlayacağımız Üzeyir Hacıbəyovun “Koroğlu” operası Azərbaycan milli opera sənətinin zirvəsi hesab olunur”, – məqalədə deyilir.
Maestro Tbilisi tamaşaçılarının zövqünü yüksək qiymətləndirib:
“Kollektivimiz tbilisililərlə, şəhərinizin teatr ictimaiyyəti, əsl sənəti dərk edə bilən və ciddi qiymətləndirən tamaşaçılar və dinləyicilərlə görüşü böyük həyəcanla gözləyir”.
Qastrolla bağlı gürcüdilli “Kommunisti” qəzetinin 1963-cü il 4 avqust tarixli sayında Niyazinin Tbilisidə teatr kollektivinə göstərilən isti münasibət və qonaqpərvərliyə görə təşəkkür sözləri dərc olunub. “Qardaşlıq musiqisi qüdrətli səslənir” başlıqlı məqaləyə əlavə olunan fotoşəkil Tbilisinin Mtatsminda parkında çəkilib. Fotoda Niyazi ilə yanaşı Azərbaycan SSR-in Xalq artistləri – Leyla Vəkilova və Ağababa Bünyadzadə, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının o zamankı direktoru və baş rejissoru Şəmsi Bədəlbəyli, Gürcüstan SSR-in Xalq artisti Batu Kraveişvili də yer alıb.
Maestronun gənclərə nəsihəti: “Yaxşı dirijor ilk növbədə…
1965-ci ildə Bakıda baş tutmuş növbəti “Zaqafqaziya baharı” musiqili festivalında iştirak etmiş Niyazi tədbir barədə fikirlərini “Zarya Vostoka” qəzeti ilə bölüşüb. Nəşrin həmin ilə aid 5 iyun tarixli 131-ci sayında festivalın əhəmiyyətindən danışan Niyazi sonda gənc dirijorlara yol da göstərib:
“Gənclərimizin bəzi yanılmalarını vurğulamaq istərdim. Bəzən bəziləri unudur ki, yaxşı dirijor ilk növbədə ifaçı və orkestr alətlərinin təbiətini yaxşı bilən insandır. Təsadüfi deyil ki, sovet dirijorluğu məktəbinin ən böyük nümayəndələri məhz orkestrdə çalışmaqla başalyıblar”.
Həmçinin oxu:
Niyazi Tbilisi və gürcülər haqqında – Maestronun 41 il öncə gürcü qəzetinə söylədikləri