“Bizim hökumət 1919-cu ilin yayında Azərbaycanla hərbi ittifaqa dair saziş bağlamışdı. Sənədə əsasən, hər iki dövlət onlardan birinin hər hansı bir dövlət tərəfindən hücuma məruz qalacağı təqdirdə bir-birinin hərbi köməyinə gəlməli idilər”.
Bu, Gürcüstan Demokratik Respublikası (1918-1921) ordusunun baş komandanı, görkəmli general Giorgi Kvinitadzenin xatirələrindən məlum olur. Bu gün anadan olmasının 150-ci ildönümü tamam olan hərbi xadimin “Gürcüstanın müstəqillik illərində xatirələrim. 1917-1921” adlı kitabı 1985-ci ildə Parisdə işıq üzü görüb.
Rus dilində çap olunmuş kitabın XIII fəslində G.Kvinitadzenin Bakıya ezamiyyətindən bəhs olunur.
Aziz.ge həmin fəsli ixtisarla hissə-hissə təqdim edəcək.
“1920-ci ildə Bakıya ezamiyyət və bolşeviklərlə ilk müharibə” başlıqlı fəslin I hissəsi
Xatirələrdən məlum olur ki, general 1920-ci ilin aprelində Gürcüstan və Azərbaycan arasında hərbi ittifaqı “canlandırmaq” üçün Bakıya ezam olunur:
“Aprel ayında mən hərbi nazir Lordkipanidzenin qəbuluna dəvət olundum. O, bildirdi ki, hökumətin tapşırığına əsasən mən Bakıya getməliyəm. Azərbaycanla hərbi ittifaqla bağlı danışıqlardan tam məlumatsız, sazişdən xəbərsiz idim. Bunun nəyə görə baş verdiyini bilmirəm; bu işin bürokratik yazışmalar arasında itib-batdığını və yaxud kəskinliyini itridiyini, ya da hər hansı digər səbəbin onu arxa plana keçirdiyini mən bilə bilməzdim, çünki bu işə cəlb edilməmişdim. Hərbi nazirin göstərişi ilə mən bu ittifaqı “canlandırmalı” idim”.
G.Kvinitadze xatırlayıb ki, Bakıya təxminən aprelin 20-də yola düşüb və onu Gürcüstan-Azərbaycan hərbi ittifaqının üzvü kimi general Kutateladze və Bakının, Samur çayı ətrafında istehkamları layihələndirən general Tkayşvili müşayiət edib:
“Özümlə kapitan Makaşvilinin Hərbi məktəbindən olan 12 süvari götürdüm. Bakıda bizi Azərbaycanın yunker məktəbindən təşkil edilmiş fəxri qarovulla qarşıladılar. Məktəbin rəisi köməkçimin qardaşı, general Çxeidze idi. Fəxri qarovul mənə çox yaxşı təəssürat bağışladı, mən hətta belə qısa müddət ərzində yunkerlərin necə qoçaq görkəm almalarına təəccübləndim”.
Baş komandan Bakıya çatanda öyrənir ki, general Mehmandarov (Azərbaycan Xalq Cümhuriyyətinin hərb naziri Səməd bəy Mehmandarov) xəstədir və onun vəzifələrini köməkçisi Əliağa Şıxlinski icra edir:
“Şıxlinski məni vağzalda qarşıladı. Vağzaldan mən Azərbaycan hökumətinin başçısı cənab Usubekovla (Nəsib bəy Yusifbəyli) görüşə getdim və səfərimin məqsədinin məhz onların hərbi hazırlıqları ilə tanışlıq olduğunu və bunun üçün Bakı və Samur çayı ətrafında möhkəmləndirilmə işləri ilə tanış olmalı olduğumu bildirdim. O, mənimlə lütfkar idi, biz hələ 1918-ci ildən onun Zaqafqaziya hökumətinin üzvü, mənim isə həmin hökumətin hərb naziri və Zaqafqaziya ordusunun baş komandanı olduğum dövrdə tanış idik. Onun yanından general Şıxlinskinin yanına getdim. Ondan general Mehmandarovla görüşməyimin mümkünlüyü barədə soruşdum. General Şıxlinski Mehmandarovla telefonla danışdı. General Mehmandarov onun yanına elə indicə gəlməyimi xahiş etdi. Mən onunla görüşdüm. Növbəti günlərdə isə mən Bakının həm quruda, həm də dəniz kənarındakı istehkamlara baxış keçirdim. İntensiv işlər müşahidə etmədim, baxmayaraq ki, bolşeviklər artıq Samurda idilər və onlarla müharibənin yaxınlığı artıq hiss olunmalı idi. Başa çatdırılmamış bütün istehkamlarda bir neçə onlarla işçilər saydım. Daha sonra Samura yollandım. Samur istehkamları da həmçinin tamamlanmamışdı və işlər heç aparılmamışdı…”.
Qeyd edək ki, 2021-ci ilin mayında G. Kvinitadzenin qalıqları Fransadan Tbilisiyə gətirilərək həmin ayın 26-da – ölkənin Müstəqillik günündə Mtatsminda panteonunda dəfn edilib.
G.Kvinitadze Rusiya imperator ordusunda uğurlu hərbi karyera qurub. O, 1917-ci ilin ikinci yarısından müstəqil dövlətin ordu quruculuğunda fəal iştirak edib, Gürcüstanın hərbi məktəbinin yaradılmasında müstəsna xidmətlər göstərib. 1921-ci ilin fevral-martında hücum edən Qırmızı ordu hissələrinə qarşı müqavimət təşkil edib.
1921-ci ildə demokratik respublikanın süqutundan sonra general Konstantinopola (indiki İstanbul), oradan isə 1922-ci ildə Fransaya mühacirət edib. O, 1970-ci ilin avqustunda Şatu şəhərində vəfat etmiş və yerli qəbirstanlıqda dəfn olunmuşdu.
2013-cü ildə G.Kvinitadze ölümündən sonra Gürcüstanın Milli qəhrəmanı ordeni ilə təltif edilib. 2006-cı ildə Tbilisidə küçələrdən birinə onun adı verilib. Generalın xatirəsinə “Giorgi Kvinitadze” adlı gümüş hərbi medal təsis olunub.
Ardı var