Bakının keçmiş “Qara şəhər”i Yermakovun fotoşəkillərində – Gürcüstan arxivindən

Tanınmış tiflisli fotoqraf Dmitri Yermakovun (1845-1916) zəngin irsində Azərbaycanda çəkdiyi fotoşəkillər xüsusi yer tutur. Onun Bakı, Şuşa, Muğan, Quba, Şəki, Şamaxı, Gəncə, Naxçıvan və digər Azərbaycan şəhərlərində çəkdiyi fotoşəkilləri maraqlı mənzərələri əks etdirir. D.Yermakovun Bakıda çəkdiyi fotoların əsas mövzusu neft mədənləri olub.

Dmitri Yermakov

Gürcüstan arxivində fotoqrafın Bakının keçmiş “Qara şəhər”i, indiki “Ağ şəhər”inin əks olunduğu üç ədəd fotoşəkli saxlanılır. Fotoların adları rusca bu cür qeyd olunub: “Bakı. Qara şəhər, küçələr və meydan”, “Bakı. Qara şəhər” və “Bakı. Qara şəhər. Vaqon parkı”. “Bakı. Qara şəhər, küçələr və meydan” adlı fotoşəkildə yol kənarı ilə ötən dəvə karvanını da görmək mümkündür.

Aziz.ge həmin fotoşəkilləri təqdim edir.

Qeyd edək ki, vaxtilə Bakı ətrafında əsasən neft zavodlarının yerləşdiyi yaşayış məntəqəsi “Qara şəhər” adlandırılıb. 2011-ci ildə burada “Ağ şəhər” layihəsinin təməli qoyulub. “Qara şəhər” tarixə çevrilib, “Ağ şəhər” artıq Bakının yeni müasir mərkəzi hesab olunur.