Gürcü şairi Silovan Narimanidze (1925-2007) 30-a qədər poetik, nəsr, publisistik və poetik tərcümələrin müəllifi olub. Şeirləri Azərbaycan, rus, macar, bolqar, və digər dillərə tərcümə olunub.
O, Azərbaycanın Xalq şairləri – Səməd Vurğun və Rəsul Rza, tanınmış türk şairi Nazim Hikmətin əsərlərindən gürcü dilinə tərcümələr edib. Şair Azərbaycana həsr olunan şeir də qələmə alıb. “Söylə, qardaş, Azərbaycan” şeirində Gürcüstan və Azərbaycan arasında dostluq və qardaşlıq münasibətlərindən bəhs olunur. Poeziya nümunəsini dilimizə Valeh Hacıyev tərcümə edib.
Aziz.ge həmin şeiri təqdim edir.
Elə sanma, sərt küləkdi –
Mən yorulmuşam,
Qoynundakı bu genişlik
məni yormayır.
Yollarına məhəbbətlə
qədəm qoymuşam,
Gözəlliyi seyr edirəm,
gözüm doymayır!
Çöllərində zəmilərin
sünbülü dən-dən,
Dağ döşündə sürülərin
dümağ qar kimi,
Sevinirəm – dost demisən
mənə əzəldən
Söylə, qardaş, Azərbaycan,
belə deyilmi?!
***
Neçə-neçə ağrı görüb
acı görmüşük,
Yük altında qamətimiz
azmı əyilmiş?
Kədəri də, sevinci də
yarı bölmüşük
Söylə, qardaş, Azərbaycan,
belə deyilmi?!
***
Dar günümdə can atmısan
köməyimə sən,
Xoş anıma şad olmusan
xoş anın kimi,
Bu ülfətə sevinmisən,
sevinmişəm mən
Tarix boyu, zaman-zaman
belə deyilmi?
Söylə, qardaş, Azərbaycan,
belə deyilmi?!..