Şuşa sakininin yazdığı, Axundovun tərcümə etdiyi, Tiflis qəzetində dərc olunmayan şeir –  Maraqlı tarixçə

Azərbaycanın böyük ədibi Mirzə Fətəli Axundov vaxtilə Tiflisdə nəşr olunan rusdilli “Qafqaz” qəzeti («Кавказъ») ilə sıx əməkdaşlıq edib. Qəzet onun şeir və poetik tərcümələrinə də öz səhifələrində yer verirdi. Ədibin “Zakirə məktub” (şair Qasım bəy Zakir) şeirinin həm ərəb əlifbası ilə Azərbaycan dilində, həm də rusca sətri tərcüməsi də məhz “Qafqaz” qəzetində dərc olunub. M.F.Axundovun şeirinə cavab olaraq Qasım bəy Zakirin göndərdiyi şeir də bu qəzetin səhifələrində oxuculara təqdim olunub.

Dramaturqun “Qafqaz” üçün tərcümə etdiyi, lakin çap olunmamış bir şeirin maraqlı tarixçəsi var. Ən maraqlısı odur ki, sözügedən şeiri Şuşa sakini qələmə alıb. Həmin tarixçə barədə “Azərbaycan yazıçıları və Tiflis ədəbi-bədii mühiti (1820-1905)” kitabında (Müəllifi Adil Mişiyev, Tbilisi -1987) bəhs olunur.

Aziz.ge kitabdan həmin hissəni təqdim edir.

“Həmin şeirin müəllifi Şuşa sakini Kərbəlayı Qulu Kərbəlayı Məhəmməd oğlu idi. 1877-ci il Rusiya-Türkiyə müharibəsi münasibəti ilə yazılan, lakin başdan-axıradək çar ailəsini vəsf edən bu şeir sənətkarlıq cəhətdən də nöqsanlı idi. Müəllifin təbəəlik hisslərini və sədaqətini ifadə edən bu mədhiyyə səmimiyyət və iandırıcılıqdan uzaqdır:

Xüsusən Nikolay Mixayloviç, valiyi-Qafqaz

Rəvadür ki, qədəminə edib bizi cani-payəndaz.

Onun lütfü məharəti sayəsində salimi-mümtaz,

Olub millətlər asayiş içrə, göstərib bir naz,

Kimə məqdurdur bir belə rahat ruzigar olsun.

Başdan-ayağa bu ruhda olan mənzumədə bir cəhət diqqəti cəlb edir. Onun müəllifi Qasım bəy Zakirin “Qafqaz” qəzetində çap olunan şeiri ilə tanışdır və canişindən xahiş edir ki, vaxtı ilə Qasımbəyin şeirinin tərcüməsi ilə birlikdə qəzetdə dərc edib mükafatlandırdıqları kimi, ona da eyni lütfü göstərsinlər. Canişinin göstərişi ilə M.F.Axundov on bənddən ibarət olan həmin şeiri rus dilinə sətri tərcümə etmişdi.  Tərcümə şəxsən canişinə təqdim olunmuş və o, müəllifin 58 manat 10 qəpik pulla, yaxud eyni məbləğdə dəyəri olan hədiyyə ilə mükafatlandırılması haqqında sərəncam vermişdi.

Şeirin “Qafqaz” qəzetində çap olunması haqqında muvafiq göstəriş olsa da, naməlum səbəblər üzündən o dərc edilməmişdi.