Aziz.ge 1889-1895-ci illərdə Tiflisdə İranın baş konsulu vəzifəsində çalışmış Mirzə Rza xan İrəvaninin çalışdığı və yaşadığı tikili haqqında ətraflı məlumatın yer aldığı ““Almaz sarayı” – Mirzə Rza xan İrəvaninin Tbilisidəki evi, Şərq üslubunda bənzərsiz bina” başlıqlı məqalə təqdim edib.
Bu dəfə Mirzə Rza xanın Tiflislə bağlı xatirələrinin bir hissəsini oxucuların diqqətinə çatdırırıq. “Tiflisdə həyat” sərlövhəli xatirədə şəhərdə vəba xəstəliyinin yayılması və baş konsulun öz həyatını riskə ataraq bu xəstəliyə tutulmuş erməniəsilli iranlını necə xilas etməsindən bəhs olunur.
Mənbə kimi istifadə olunan kitab “Xatirə Ədəbiyyatı” silsiləsinə aiddir. Toplunun dilimizə tərcüməsi tbilisili publisist, tərcüməçi və araşdırmaçı Mirzə Məmmədoğluya məxsusdur. Tərcümə olunan xatirələr gürcü dilində işıq üzü görmüş “Ərfəüddövlə və Gürcüstan” adlı kitabdan götürülüb.
“Tiflisdə həyat”dan bir hissə
Vəba epidemiyası günlərində bir cəmiyyət sədrinin məktubunu aldım. Mənə yazırdı: “Bir iranlı vəbaya düçar olub ölür. Xahiş edirəm, konsulluqdan kimsə gəlsin və onun vəsiyyətini dinləsin”.
Mirzə Məhəmməd xanı (konsulluğun əməkdaşı) çağırdım, getməsini əmr etdim. Mənə dedi:
-Mən ailə yiyəsiyəm, vəbaya düçar olub ölsəm, mənim arvad-uşağıma kim yiyəlik edəcək?
Mirzə Fərəc bəy və Tağı xan da (konsulluğun digər əməkdaşları) rədd cavabı verdilər. Çox qəzəbləndim, fayton hazırlamağı əmr etdim və özüm get- dim. Cəmiyyətə gedəndə gördüm ki, xəstə yatır, ağzından selik gəlir. Çox arıq kişi idi, onun bir quruca sümüyü və dəri- si qalmışdı. Adını soruşdum, cavab verdi ki, Səlmaslı erməni Aspatandır. Vəsiyyət olaraq mənə söylədi ki, filan yerdə, filan qədər pulu vardır, ölümündən sonra onu yeganə bacısına verim. Düşündüm ki, bəlkə, vəba deyil, cəhd edim, bəlkə, hipnoz ilə onu sağaldaram.
Amiranə avazla kobudcasına ona dedim:
– Ey axmaq, utanmırsan, baş konsulun qabağında uzanıbsan? Qalx, Haramzadanın biri haramzada!
-Gördüm ki, bir şey çıxmadı. Ayağımı yerə vuraraq daha kobud şəkildə ona səsləndim:
-Qalx, axmağın biri axmaq!
Birdən tərpəndi və dikəldi. Bizim söhbətimizdə iştirak edən cəmiyyətin sədri heyrətləndi və məndən xahiş etdi:
-İcazə verin, bura həkimini çağırım. Gəlsin, bu yazığa nəsə bir əlac eləsin.
Həkim gələndə təəccüblənərək dedi:
– Siz möcüzə göstəribsiniz, bu kişini sağaldıbsınız. İki-gün burda saxlayarıq, konyak içirdərik, yaxşılaşar.
Ermənini sağaltdım, lakin özüm vəba xəstəliyinə tutuldum. Konsulluqda yatızdırdılar və başqaları tərəfindən müalicə ediləsi oldum. Nəhayət, mən də sağaldım, erməni də.
Aziz.ge Mirzə Rza xan İrəvaninin xatirələrindən seçmələri hissə-hissə təqdim edəcək.
Həmçinin oxu:
“Almaz sarayı” – Mirzə Rza xan İrəvaninin Tbilisidəki evi, Şərq üslubunda bənzərsiz bina