Azərbaycanlı “Qafqaz şiri”nin Tbilisi sirkində çıxışlarına aid plakatlar – Gürcüstan arxivindən

Sentyabrın 1-də məşhur azərbaycanlı pəhləvan, sirk ustası, Azərbaycan SSR Xalq artisti Rəşid Yusifovun anadan olmasının 124-cü ildönümü tamam olub. “Qafqaz şiri” adlandırılan soydaşımız 1900-cü ildə keçmiş Borçalı qəzası, indiki Marneuli rayonunun Gorarxı (Alget) kəndində anadan olub.

Bakı, Moskva sirkləri ilə yanaşı R.Yusifov vaxtilə Tiflis sirkində də çıxışlar edib. Gürcüstanın Milli Parlament Kitabxanasının arxivində onun bu çıxışlarına aid plakatlar qorunub saxlanılır.

Tbilisi sirki

Aziz.ge 1939 və 1941-ci illərə aid gürcü və rusdilli həmin plakatları təqdim edir.

1939-cu ilə aid rus dilindəki plakatdan məlum olur ki, həmin ilin may ayının əvvəlində sirk mövsümünün bağlanışına həsr olunan tamaşa 7-12 may tarixində altı gün ərzində göstərilib. Rəşid Yusifov və onun nümayiş etdirəcəyi proqram bu cür təqdim olunub:

“SSRİ-də populyar azərbaycanlı atlet, ağır atletika üzrə rekordçu Rəşid Yusifovun yalnız altı çıxışı. Proqramda Rəşid Yusifovun düzgün fiziki tərbiyə və çoxillik məşqlərlə əldə olunmuş çox böyük fiziki inkişafını təsdiqləyən ağır atletika üzrə nömrələr”.

1941-ci ilə aid plakatda da R.Yusifov eyni cür təqdim olunub.    

Dilqəm Quliyevin “Azərbaycanın ustad pəhləvanları” kitabından (Bakı-2006):

“Azərbaycanlı pəhləvan 50 il güləşib. O, Azərbaycanda bədən tərbiyəsinin ilk təbliğatçılarından biri olub, Azərbaycan güləşçilərinin təşəkkül tapmasında iştirak edib. R.Yusifov, həmçinin Azərbaycanın mədəniyyət tarixinə milli sirkin bünövrəsini qoyanlardan biri kimi daxil olub”.