“Pikris qora”  – Tbilisinin keçmiş “Fikir dağı”

Tbilisinin Vera rayonunda, Mtkvari (Kür) çayının sağ sahilində keçmişdə “Pikris qora” adlandırılan məkan olub. İndiki “Qəhrəmanlar meydanı” yaxınlığında yerləşmiş bu yer uzaq zamanlarda Gürcüstan paytaxtının qurtaracağı idi. Gürcü dilində “pikri” sözünün mənası “fikir” və “düşüncə”, “qora” sözünün mənası isə “alçaq dağ” deməkdir.

Tbilisinin “Qəhrəmanlar meydanı”

Tarixə qovuşmuş “Fikir dağı” toponiminin maraqlı yaranma tarixçəsi var. Gürcü mənbələrində deyilir ki, keçmişdə öz yaxınlarını Tiflisin bu tərəfindən şəhərə daxil olmasını gözləyən sakinlər rabitənin mövcud olmaması səbəbindən bu dağa gəlib, əyləşib, fikrə gedərək gözləyirdilər. Tiflisə qərbdən daxil olan yol bu dağdan ovucun içindəki kimi görünürdü. Kəndlərdən gələn doğmalarını gözləyən tiflislilər bu dağda bəzən gün, bəzən həftə, bəzən isə bir ay gözləyirdilər. Fikrə dalan şəhərlilər yolda peyda olan hər kəsə diqqətlə baxırdılar. Məhz buna görə alçaq dağ “Fikir dağı” adlandırılıb.

Tiflisdə vaxtilə nəşr olunan “Droeba” (Zaman) qəzeti 1885-ci ildə işıq üzü görmüş saylarının birində bu toponimin yaranmasına başqa izah verib. Nəşrin yazdığına görə, “Fikir dağı” Tiflisin müflis olmuş tacirlərinin məkanı olub:

“Var-yoxu əlindən çıxan istənilən taciri görmək istəsəz, onu burada axtarın, mütləq tapacaqsınız. Şəhərdə məhkəmə işlərindən uzaqlaşmaq üçün müflis olanlar qısa müddətə də olsa, bura gəlir və fikirlərini dağıdırdılar. Onlar yaxşı çıxış yolu seçiblər. Bu təpədən o qədər gözəl mənzərə açılır ki, bundan yaxşısı ola bilməz”.

Qeyd edək ki, Gürcüstanın Telavi rayonunda da vaxtilə eyniadlı dağ olub.

Aziz.ge