Türk dünyası üçün ortaq Aşıq oyununun rast gəlindiyi ilk yazılı mənbə Mahmud Kaşğarinin “Divanü lüğat-it-türk” əsəridir. Bu qədim türk oyununun izinə “Dədə Qorqud kitabı”nda də rast gəlinir. Bu oyun Orta Asiya ölkələri, Azərbaycan, Türkiyədə, bolqar və qaqauzlar arasında indiyə qədər oynanır. Oyunun adı müxtəlif cür (“Aşıq-Aşıq”, “Aşık”, “Aşiq”, “Asık atu”, “Aşiçki”, “Beş taş” və s.) adlandırılsa da, əsas qaydaları eynidir. “Asık atu” Qazaxıstanın milli oyunudur və 2017-ci ildə YUNESKO-nun mədəni irs siyahısına daxil edilib. Qazaxıstanda və Qırğızıstanda Aşıq oyununa həsr olunan abidələr qoyulub.
Gürcüstanda da Aşıq oyunu bir vaxtlar çox populyar olub. “Koçaoba” və yaxud “Koçobana” adlanan oyun Tbilisidə oğlan uşaqları arasında II Dünya müharibəsindən sonra geniş yayılıb. Oyunda istifadə olunan sümüyə (qoyunların və keçilərin arxa ayaqlarında olan dörd üzlü sümük) “koçi” deyilirdi. Bu oyuna olan böyük rəğbət əlaməti olaraq Tbilisidə “Koçi” abidəsi ucaldılıb, şəhərin köhnə Hamamlar məhəlləsində, Heydər Əliyev adına parkın yaxınlığında yerləşir.
Abidə bu qədim əyləncəli türk oyununun əsas elementi olan aşıq adlanan böyük ölçülü sümük formasındadır. Abidədə məlumat lövhəsi yoxdur, onun müəllifi və nə zaman qoyulduğu da məlum deyil. Abidənin yerinin təsadüfən seçilmədiyini əminliklə söyləmək olar. Belə ki, abidə yaxınlığında nərd və domino oynayanlara bu gün də rast gəlmək mümkündür. Böyük ehtimal ki, vaxtilə Aşıq oyunu ən çox Tbilisinin qədim hissəsinin bu yerində oynanılıb. “Koçaoba”nın Acarıstanda da həm yaşlılar, həm də gənclər arasında çox populyar olduğu bildirilir.
Maraqlıdır ki, “koçi” ilə bağlı yaşlı nəsil arasında bir ifadə var. Kimdənsə canını qurtarmaq üçün “წადი, კოჭი გააგორე” (tsadi koçi qaaqore) ifadəsi müasir dövrümüzdə də işlədilir. Tərcüməsi “Get koçini at”, bizim təbirimizcə desək, “Get aşığını at”, “Get aşığını oyna”.
Qədim türk oyununun gürcü analoqu olan “Koçaoba”ya həsr olunan digər abidəyə Tbilisinin Müştəhid bağında rast gəlinir. Abidənin kompozisiyası Aşıq oyunu oynayan əfsanəvi varlıq olan iki divdən ibarətdir. “Oynayan divlər” adlı abidənin müəllifi heykəltəraş İrakli Revazişvilidir, ucaldılma tarixi 1985-ci ildir. Gürcü mifologiyasında və folklorunda div şər ruhlu varlıq olsa da, “Oynayan divlər”in obrazları gülərüz, biri qalib, digəri məğlub əhvalda təsvir olunub.
Aziz.ge