Gürcü şairin “Azərbaycanda” silsiləsindən şeirləri – “Bakı düşüncələri” və “Çayxanada”

Revaz Margiani (1916-1984) Gürcüstanın görkəmli şairlərindən biri olub. Lirik şairin şeirləri 1934-cü ildən nəşr olunmağa başlayıb, ilk kitabı 1940-cı ildə işıq üzü görüb. Əsərləri bir sıra xarici dillərə tərcümə olunub.

R.Margiani Azərbaycanın xalq şairləri – Rəsul RzaSüleyman Rüstəmin şeirlərini gürcü dilinə çevirib. Şairin Azərbaycana həsr etdiyi şeiri də var. O, “Azərbaycanda” silsiləsindən iki – “Bakı düşüncələri” və “Çayxanada” adlı iki şeir qələmə alıb. Poeziya nümunələrini Azərbaycan dilinə tərcümə edəni Valeh Hacıyevdir.

Aziz.ge həmin şeirləri təqdim edir.

Bakı düşüncələri

Yuxum göy sulara səpələnmişdi

O gözəl gecədə,

O xoş gecədə

Sular ayna kimi cilvələnmişdi.

Elə bil səmanın dərinliyindən

Xəzər sahilinə nur ələnmişdi.

***

Dəniz də sakitdi, laldı necə də

O gözəl gecədə…

O xoş gecədə

Sizinlə görüşmək qismətim oldu,

Sevincdən ulduzlar yağdı başıma,

Ürək hərarətlə, sevdayla doldu.

***

Sizinlə birlikdə gecə sübhəcən

Nəğmələr oxuduq.

Şeir dinlədik –

Sizin şeirləri, düzü fərəhdən

O zaman danışa, dinə bilmədim

Yaxşı bir şey demək istəsəm də mən…

***

Gəl gəzək dünyanı, bakılı dostum,

Səadət paylayaq biz ətək-ətək

Bütün yer üzünə,

Səs-səsə verək,

Qoy, bu dostluğumuz oxşasın bizi

Qafqazın sehirli nəğmələri tək.

Çayxanada

Çayxana. Dörd yanı güllü-çiçəkli

Bircə yol mən onun oldum qonağı,

Sehirli bir süfrə bərli-bəzəkli…

Sanki yuxudaydım o axşam çağı.

***

Mənə çay gətirdin…

Nazlı yerişin

Mehriban duruşun, isti gülüşün,

İsmətli baxışın sandım xəyaldı,

Bu xəyal əbədi fincanda qaldı.

***

Qurudum “sağ ol!” da deyə bilmədim.

Kəlmələr dilimdə dolaşdı, itdi…

Məni, nə gizlədim,

Bir az ürəyim,

Bir də ki, baxışın yaman incitdi…