Bakı şəhər Polis İdarəsinin ilk rəislərindən biri gürcü olub? – Gürcüstan arxivindən fotolar

Gürcüstan Milli Parlament Kitabxanasının arxiv fotoşəkillər kolleksiyasında Prokofi Sakandelidze ad-soyadlı şəxsin iki fotoşəklinə rast gəlinir. Arxiv fotomateriallarda diqqət çəkən əsas məqam onlara verilən qısa təsvirdədir: Bakı şəhər Polis İdarəsinin rəisi olub, 1937-ci ildə repressiyaya məruz qalıb.

Fotoşəkilləri arxivə təqdim edən şəxs Zviad Sakandelidzedir. Görünür, Sakandelidzelər nəslinin nümayəndəsi Prokofi Sakandelidzenin fotoşəkillərini ailə arxivində aşkarlayıb və materialları onun haqqında malik olduğu məlumatla birgə dövlət arxivinə təqdim edib.

Fotoşəklin birində P.Sakandelidze tək, digərində isə həyat yoldaşı ilə birgə yer alıb. Hər iki fotonun çəkildiyi tarix qeyd edilməyib, yer kimi Bakı şəhəri göstərilib. Fotoşəkillərin arxa tərəfində onların Bakıda “Rostomyan”ın fotoatelyesində çəkildiyi yazılıb.

Təəssüflər olsun ki, gürcü mənbələrində Bakıda hüquq-mühafizə orqanında yüksək vəzifə tutmuş P.Sakandelidze haqqında hər hansı bir məlumata rast gəlinmir. Bu şəxslə bağlı azərbaycandilli açıq tarixi mənbələrdə də axtarışlar nəticə vermir.

Burada Bakı polis idarəsinin yaradılması tarixçəsinə qısa nəzər salmaq yerinə düşər. Bakı Şəhər Baş Polis İdarəsinin rəsmi saytında “Bakı polisinin tarixi” bölməsindən məlum olur ki, şəhərdə polis idarəsi 10 aprel 1840-cı il tarixində Rusiya İmperiyası Daxili İşlər Nazirliyinə tabeliyində yaradılıb. İdarə fəaliyyətə 1 yanvar 1841-ci ildə başlayıb. 1917-ci ilin martın 7-də Bakı şəhər milisi yaradılıb.  13 noyabr 1917-ci ildə Bakıda polis orqanları buraxılıb, əvəzində Sovet milisinin təşkil edilməsi barədə Bakı soveti tərəfindən qərar qəbul edilib. Saytın adıçəkilən bölməsində idarənin ilk rəisləri barədə məlumatlar verilməyib.

“Bakı polisi: Qısa tarixi və müasir dövrü 1840-2005” (müəllifi Şahməmməd Şahməmmədov) adlı kitabdan məlum olur ki, vaxtilə Bakı polisində xidmət edənlər arasında gürcüəsilli şəxslər də olub. Nəşrdə verilən 1906-cı il üzrə Bakı polisinin milli tərkibində gürcülərin sayının 12 nəfər olduğu göstərilib. P.Sakandelidzenin həmin şəxslərdən biri olduğunu ehtimal etmək olar.

Aziz.ge P.Sakandelizde haqqında ətraflı məlumatlar əldə etmək üçün axtarışları davam etdirəcək.