Bu gün Bakının mərkəzi prospektlərindən birinə Tbilisi şəhərinin adının verilməsindən 61 il ötür. 1963-cü ilin sentyabrın 13-də o zamankı Bakı Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin qərarı ilə Saray şossesinin adı dəyişdirilərək Tbilisi adlandırılıb. 2004-cü ildə Bakı Şəhər İcra Hakimiyyətinin qərarına əsasən, Tbilisi prospektinin bir hissəsinə Moskva adı verilib.
Tbilisi prospektində Heydər Əliyev adına İdman Konsert Kompleksi, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin heykəli, Tbilisinin 1998-ci ildə Bakıya hədiyyə etdiyi “Azad olunmuş enerji” abidəsi yerləşir. Geniş prospekti müasir hündürmərtəbəli yaşayış binaları və müxtəlif təyinatlı obyektlər bəzəyir.
Sovet dövründə prospektdə tikinti işlərində yeni metodlar tətbiq olunub. Bu, “Veçerni Tbilisi” qəzetinin 28 aprel 1988-ci il tarixli 99-cu sayından məlum olur. “Tbilisi prospekti Bakıda qeydiyyata alınıb” başlıqlı məqalədə yazılıb ki, prospektdə tikililərin layihələndirilməsində Tbilisi Elmi-Tədqiqat Layihələndirmə İnstitutunun Bakı filialının mütəxəssisləri də layiqli yer tutub.
Tbilisi prospekti Bakı şəhərinin Yasamal rayonu ərazisində yerləşir. Rayonun keçmiş adı Oktyabr olub. Yuxarıda adı çəkilən məqalədən o da məlum olur ki, vaxtilə bu rayon Tbilisinin keçmiş Kalinin, indiki Mtatsminda rayonu ilə dostluq edib və rəqabət aparıb.
Məqələ müəllifi Tbilisi prospektində 1988-ci ildə tikintisi davam etdirilən indiki Respublika Diaqnostika Mərkəzinin inşası barədə bəzi maraqlı faktlar təqdim edib. Bildirilib ki, mərkəzin tikintisində istifadə olunan materiallar – alüminium asma tavanlar Voronejdən, mərmərlər Özbəkistanın Qazqan və Gürcüstanın Bolnisi yataqlarından gətirilib. Müəllif həmçinin qeyd edib ki, o vaxtkı İdman Sarayı, indiki Heydər Əliyev adına İdman Konsert Kompleksinin inşasının memarlıq həlləri qeyri-adidir, tikili qapalı ikimərtəbəli keçidlə birləşdirilmiş iki böyük korpusdan ibarətdir.
Qeyd edək ki, vaxtilə Tbilisi prospektində “Qəhrəman 11-ci Qızıl Ordu” abidəsi (müəllifi Tokay Məmmədov) də yerləşib. “Tbilisi prospekti Bakıda qeydiyyata alınıb” məqaləsinə verilən fotoşəkildə həmin abidə görünür. 1990-cı ilin 20 Yanvar faciəsində sovet ordusunun zirehli texnikaları Tbilisi prospekti ilə irəliləyib. Qanlı hadisələrdən sonra “Qəhrəman 11-ci Qızıl Ordu” abidəsi götürülüb, yerləşdiyi “11-ci Qızıl Ordu” dairəsi “20 Yanvar dairəsi” adlandırılıb.
Aziz.ge