Pavle İnqorovka küçəsi Tbilisidə tarixi binaların dominantlıq etdiyi küçələrdən biridir və bunu hər addımda qarşıya çıxan xatirə lövhələri də təsdiqləyir. 1918-1920-ci illərdə Gürcüstan Demokratik Respublikasının təhsil və daxili işlər nazirliklərinin yerləşdiyi bina, Britaniyanın Cənubi Qafqazdakı ilk missiyasının başçısı Ser Oliver Vardropun 1919-1921-ci illərdə çalışdığı bina İnqorovka küçəsinin ən mühüm tarixi tikililərindən olmaqla yanaşı, həm də mədəni irs abidələridir. Gürcüstanın hazırkı hökumət binası da burada yerləşir.
Keçmişdə “Laboratornaya” adlanan İnqorovka küçəsində Gürcüstanın bir sıra görkəmli şəxsiyyətləri yaşayıb və onların xatirəsi əbədiləşdirilib. Gürcüstan teatrının əsasını qoyanlardan biri, Gürcüstan SSR-in Xalq artisti Kote Marcanişvili, görkəmli gürcü rəssam İrakli Qamrekeli, Gürcüstan Demokratik Respublikasının qurucularından biri, ədliyyə naziri Şalva Aleksi-Mesxişvili İnqorovka küçəsinin məşhur sakinlərindən olub. Tbilisidə doğulmuş erməniəsilli tanınmış bəstəkar Mikael Tariverdiyev də vaxtilə bu küçədə yaşayıb və 14 saylı binada memorial lövhəsi vurulub.
Burada bir məqamı mütləq vurğulamaq lazımdır. 2010-cu ilin aprelin 5-də İnqorovka və Çaykovski küçələrinin tinində yerləşən binaya erməni terrorçularının qətlə yetirdiyi Türkiyənin hərbi və ictimai-siyasi xadimi Camal Paşanın (1872-1922) xatirə lövhəsi vurulmuşdu. Gürcüstanın erməni icması Camal Paşanın qondarma “erməni soyqırımı”nın günahkarlarından biri olduğunu iddia edərək, aprelin 16-da lövhənin demontajına nail olub. Qeyd edək ki, Camal Paşa 1922-ci ilin iyulun 21-də Tiflisdə məhz bu ərazidə qətlə yetirilib.
İnqorovka küçəsi 16 ünvanında yerləşən köhnə, uçulub-dağılmış ikimərtəbəli bina da Gürcüstanın mədəni irs abidəsidir. Tikili ilə bağlı bizim üçün ən mühüm məlumat isə ondan ibarətdir ki, onu vaxtilə Tiflisdə doğulmuş görkəmli azərbaycanlı hərbi xadim Həsən bəy Ağalarov (1812-1883) inşa etdirib.
Aziz.ge “Azərbaycan generalları” (müəllif Şəmistan Nəzirli (Bakı-1991)) kitabına istinadla bu şəxsiyyət haqqında “Tiflisdə doğulan görkəmli azərbaycanlı hərbi xadim – Sarsılmaz dəyanət, şərəflə yerinə yetirilən borc” başlıqlı yazı təqdim edib. Bu dəfə isə Həsən bəy Ağalarovun tikdirdiyi binanın tarixi, tikili ilə bağlı maraqlı faktları və bərpası planı haqqında araşdırmanı təqdim edirik.
147 yaşlı bina, uşaq və körpələr evi
İlk öncə uçuq-sökük binanın fasadına Avropa İttifaqı və Avropa Şurasının həyata keçirdiyi layihə çərçivəsində 2017-ci ildə quraşdırılmış lövhə üzərindəki gürcü, alman və ingilis dillərindəki məlumatla tanış olaq:
“Bu bina yerli alman memar Otto Yakob Simonsonun 1888-ci ildə tərtib etdiyi layihə əsasında bərpa olunub”.
Lakin binanın tarixi ilə bağlı daha dəqiq məlumatlar mövcuddur. Tarixçi, bələdçi, “Tədqiq edilməmiş Tbilisi” adlı soraq kitabçalarının müəllifi Tamar Tavadzenin məlumatına əsasən, binanı 1877-ci ildə Həsən bəy Ağalarov alman memarın layihəsi əsasında inşa etdirib. T.Tavadze tikilinin layihəsinin surətini təqdim edərək memarın A.Zaltsman olduğunu ehtimal etdiyini vurğulayıb. Surətdə rusca bu sözlər qeyd olunub: “General-mayor Həsən bəy Ağalarov üçün daş binanın tikintisi üzrə layihə”. Tarixçinin sözlərinə görə, Həsən bəy Ağalarovun oğlu Davud bəy 1892-ci ildə evi Bakıdan olan tacir Karapet bəy Lalayevə satıb.
T.Tavadze 1896-cı il üzrə “Qafqaz təqvimi”nə istinadla bildirib ki, həmin ildə binada İran konsulluğu yerləşib və buna görə də pəncərələrin üzərində ərəbcə yazılar var. Allahın tərifinə aid yazılar günümüzə qədər gəlib çatıb.
Tarixçinin sözlərinə görə, İran konsulluğu bu binada bir neçə il fəaliyyət göstərib. Karapet bəy Lalayev tikilini müxtəlif idarə və sakinlərə kirayə verib. 1920-1940-cı illərdə burada SSRİ Xalq Daxili İşlər Komissarlığı (NKVD) işçilərinin ata-anadan məhrum uşaqları üçün uşaq evi, 1950-ci ildən etibarən isə körpələr evi yerləşib.
Binanın fasadındakı QR kod hansı məlumatı təqdim edir?
Tikilinin tarixi haqqında gürcü və ingilis dillərində qısa məlumat əldə etmək üçün binanın fasadına QR kod olan lövhəcik vurulub. Kod aktiv olmasa da, digər bu cür QR kodlar vasitəsilə açılan www.scantbilisi.ge saytında İnqorovka küçəsi 16 ünvanındakı bina haqqında aşağıdakı məlumatla tanış olmaq mümkündür. Məlumatda T.Tavadzenin təqdim etdiyi faktlara rast gəlinir.
“P.İnqorovka küçəsi 16 ünvanında yerləşən bina 1877-ci ildə tikilib və ilk sahibi Həsən xan Ağalarov olub. 1892-ci ildə Bakıdan ikinci gildiyadan tacir olan Karapet bəy Lalayevə satılıb. 1896-cı ildə İran konsulluğu bu binada yerləşib, bu səbəbdən fasad üzərində farsca yazılar var. Bina bədii forması, zərif proporsiyaları və fasad kompozisiyası ilə küçənin bədii görünüşünü daha çox müəyyən edir. Fasadla yanaşı, interyerin dəbdəbəli dekorasiyası da maraqlıdır”.
Dəbdəbəli interyer
Bina qəzalı vəziyyətdə olduğundan tikiliyə giriş və interyeri ilə tanışlıq mümkün deyil. Lakin 2018-ci ildə gürcü və ingilis dillərində işıq üzü görmüş Maya Manianın “Tbilisidə alman memarları” adlı kitabında tikilinin interyerinə aid 2002-ci ildə çəkilmiş iki fotoşəkil yer alıb. Fotoşəkillərdə tavan, divarlar və döşəmədə dağınıq halda olsa belə, dəbdəbəli elementləri görmək mümkündür. Bu, 22 il bundan öncəki vəziyyətdir. Hazırda interyer daha da acınacaqlı durumda olmalıdır.
“Tbilisidə alman memarları” adlı kitabında müəllif qeyri-dəqiqliyə yol verib. T.Tavadzenin bildirdiyinə görə, M.Mania nəşrdə Həsən bəy Ağalarovun tikdirdiyi binanı səhvən Efim Zubalaşvilinin evi kimi təqdim edib, lakin onun evi İnqorovka küçəsi 14 saylı bina olub və tikili Otto Simonsonun layihəsi əsasında inşa edilib.
Kitabda bildirilib ki, bina Tbilisi memarlığına xas xüsusiyyətlərə malikdir, simmetrik fasadda Neoklassik və İntibah memarlığının ənənələri izlənilir, fasadın yan tərəflərindəki pəncərələr ornamentlərlə, o cümlədən ərəbcə dini yazılarla bəzədilib. Müəllif vurğulayıb ki, ağır zədələrə baxmayaraq, binanın əsas fasadı zərif proporsiyaları ilə diqqəti cəlb etməkdə davam edir.
Tikili bərpa olunacaq
Uzun illərdir məhv olmaqda olan memarlıq incisinin bərpası məsələsi nəhayət bu il gündəmə gətirilib. Belə ki, Tbilisi İnkişaf Fondu bu ilin aprelində İnqorovka küçəsində yerləşən üç — 16, 18 və 20 saylı binaların bərpası üzrə layihələrin hazırlanması üçün müsabiqə elan edib. Müsabiqə şərtlərinə əsasən, təkliflərin qəbulu mayın 13-də başa çatmalı idi. Layihənin ümumi dəyəri 497 250 lari təşkil edir. Xidmət müqavilənin imzalanmasından sonra mərhələli şəkildə 195 təqvim günündən çox olmayan müddətdə göstərilməli idi. Layihə üçün maliyyələşdirmə mənbəyi kimi yerli idarəetmənin 2024-2027-ci il büdcəsinin vəsaitləri göstərilib. Müsabiqənin nəticələri haqqında məlumat hələ açıqlanmayıb.
Ağalarovun xatirəsini əbədiləşdirə biləcəyikmi?
Həsən bəy Ağalarovun inşa etdirdiyi, ailəsi ilə yaşadığı evin 2027-ci ilədək bərpa olunacağı gözlənilir. Tikilinin restavrasiyasından sonra fasadında Həsən bəy Ağalarovun xatirə lövhəsinin quraşdırılması məsələsi mütləq gündəmə gətirilməlidir. Bu cür təşəbbüslə ilk növbədə Gürcüstanın azərbaycanlı icması çıxış etməlidir. Azərbaycan tərəfinin dəstəyi ilə təşəbbüs daha tez reallaşa bilər.
İnqorovka küçəsində ingilis Vardropun, erməni Tariverdiyevin xatirə lövhələri var, azərbaycanlınınki niyə olmamalıdır? Olması üçün kifayət qədər sübutlar var, yetər ki, ortaya təşəbbüs və səylər qoyulsun.
Aziz.ge mövzunu diqqətdə saxlayacaq, binanın gələcək taleyi ilə bağlı yeniliklər barədə məlumatları təqdim edəcək.
P.S. Beş il öncə Rusiya Kino-Foto Sənədlər Arxivində Həsən bəy Ağalarovun həmin vaxta qədər məlum olmayan fotoşəkli (yuxarıda yazıya əlavə olunub) aşkarlanıb. Bundan öncə hərbi xadimin yalnız 1856-cı ildə çəkilmiş portreti mövcud idi. Gürcüstan Milli Parlament Kitabxanasının arxivində Həsən bəy Ağalarovun fotoşəkli saxlanılır. 2015-ci ildə arxivə daxil edilən həmin fotosənədi təqdim edirik.