Tbilisinin 122 yaşlı azərbaycandilli məktəbi — Necə yaranıb və məşhur məzunları kimlər olub?

2015-ci ildə Azərbaycanın o vaxtkı təhsil naziri Mikayıl Cabbarov Gürcüstana səfəri çərçivəsində bu təhsil ocağını ziyarət edərkən onu qonşu ölkənin azərbaycandilli məktəblərinin flaqmanı adlandırmışdı. Söhbət Tbilisidəki Mirzə Fətəli Axundov adına 73 saylı azərbaycandilli tam orta məktəbdən gedir. Bu məktəb öncül olmaqla yanaşı, Tbilisinin ən qocaman azərbaycandilli təhsil ocağıdır.

Mikayıl Cabbarov 73 saylı məktəbdə. 2015-ci il

Aziz.ge oxucularını tədris müəssisəsinin yaranma tarixçəsi ilə yaxından tanış edir.

Tbilisinin köhnə hissəsində, keçmiş Seyidabad qalası divarlarının qalıqları yaxınlığında yerləşən təhsil müəssisəsinin əsası 1902-ci ildə qoyulub və ilk şəhər ibtidai türk məktəbi adlandırılıb. Burada İslam dini tədris olunurdu. İlk müdir Yelizaveta Katsarava təyin olunub, daha sonra onu Marqarita Eliava əvəzləyib. 

Gürcüstan arxivində saxlanılan məktəb binasının yer aldığı arxiv fotolarından göründüyü kimi təhsil ocağı ikimərtəbəli olub, üçüncü və dördüncü mərtəbə sonradan əlavə olunub.

1913-cü ildə məktəbin adı dəyişdirilərək ibtidai Azərbaycan məktəbi adlandırılıb və Sara Talışinskaya müdir təyin olunub. Məktəbə rəhbərlik etmiş şəxslər arasında Nəriman Nərimanovun qardaşı oğlu Əlimirzə Nərimanov da olub.

1918-ci ilin arxiv sənədlərinə əsasən, Tbilisidə tədrisi Azərbaycan dilində olan məktəblərin sayında artım qeydə alınıb: 97 saylı ibtidai məktəb, 98 saylı kazan-tatar məktəbi, iranlı uşaqlar üçün məktəb, 96 saylı ibtidai məktəb. 1922-ci ildə məktəb 7 illik, 1927-ci ildə isə 9 illik məktəbə çevrilmişdi. 1931-ci ildə məktəbə Azərbaycanın böyük ədibi, Tiflisdə yaşayıb yaratmış Mirzə Fətəli Axundovun adı verilib. Həmin dövrdə Tbilisidəki əksər azərbaycandilli məktəblər birləşdirilərək 97 saylı orta məktəbə çevrilib.  

1942-ci ilədək məktəb 97 saylı, 1957-ci ilədək 37 saylı, 1957-ci ildən indiyədək isə 73 saylı məktəb adlanır.  

Məktəbin həyətində 2006-cı ildən M.F.Axundovun büstü yerləşir. Abidə vaxtilə Tbilisinin keçmiş Leselidze, indiki Kote Abxazi küçəsində ucaldılıb.

Təhsil ocağında çalışan müəllimlərin yarıdan çoxu məhz bu məktəbin məzunları olub. Onlardan biri — Salman Pirməmmədov 1984-cü ildən məktəbə rəhbərlik edir. 40 ildir məktəb “Salman müəllimin məktəbi” adlandırılır.

Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev 73 saylı məktəbdə. 2022-ci il

Tbilisidə anadan olmuş Azərbaycanın bir sıra məşhur alimləri və mədəniyyət xadimləri 73 saylı məktəbin yetirmələri olub. Görkəmli alim və akademik Zahid Xəlilov (1911-1974), ədəbiyyatşünas, tərcüməçi Dilarə Əliyeva (1929-1991), Gürcüstanın Xalq artisti İbrahim İsfahanlı (1897-1967), Azərbaycanın xalq artistləri — Mustafa Mərdanov (1894-1968), Əli Qurbanov (1898-1962), Möhsün Sənani (1900-1981), Niyazi (1912-1984) məktəbin şöhrətli məzunlarının yalnız bir qismidir.

Məktəb 2010-cu ildə Heydər Əliyev Fondunun “Təhsilə dəstək” layihəsi çərçivəsində əsaslı təmir edilib.

Gürcüstan ictimaiyyətində böyük nüfuza sahib M.F.Axundov adına 73 saylı məktəb bu il 122 yaşını qeyd edir. Təhsil ocağı bir əsrdən çoxdur ana dilimizlə yanaşı milli-mənəvi dəyərlərimizi də qoruyur və bu şanlı ənənə bu gün də davam etdirilir.

Aziz.ge Tbilisinin ən qocaman azərbaycandilli ziya ocağının kollektivini yeni tədris ilinin başlanması münasibətilə təbrik edir, müəllim heyətinə şərəfli missiyalarında uğurlar arzulayır.