Ötən gün Azərbaycan kinosunun ilk milli qadın aktrisası İzzət Orucovanın (1909-1983) anadan olmasından 115 il ötüb. O, “Sevil” (1929) və “Almaz” (1936) filmlərində baş rollarda çəkilib, azadlığa çıxan Azərbaycan qadınının canlı obrazını uğurla yarada bilib. İzzət Orucova daha sonra kimyaçı alim və ikinci xanım akademik olub.
Gürcüstanın Milli Foto Arxivində İzzət Orucovanın bir fotoşəkli saxlanılır, Kutaisi Foto-Kino Xronika Muzeyinin kolleksiyasına aiddir. Fotonun çəkildiyi yer və tarix məlum deyil.
Fotoşəkil TASS agentliyinin (Rusiya İnformasiya Teleqraf Agentliyi) fotoxronikası üçün çəkilib. Bu, fotoya rus dilində verilən təsvirdən məlum olur. Müəllifləri O.Litvin və A.Tavakalovdır. Çəkilmə tarixini 1970-ci illərin əvvəllərinə aid etmək olar. Belə ki, təsvirdə “Sevil” filminin sovetlər ittifaqının ekranlarına 40 ildən çox əvvəl çıxdığı qeyd edilib.
“Sevil rolunu Bakı Sənaye İnstitutunun tələbəsi İzzət Orucova oynayıb. Elə oynayıb ki, azərbaycanlı qadınlar filmə baxandan sonra nifrət oyandıran örtüklərini elə kinoteatrda qoyub açıq üzlə çıxırdılar”, – təsvirdə yazılıb.
O da qeyd olunub ki, İzzət Orucova Azərbaycan Elmi-Tədqiqat Neft Emalı İnstitutunda Neft Kimyası Prosesləri İnstitutunun laboratoriyasına rəhbərlik edərək sovet ittifaqında neft texnologiyası sahəsində ilk qadın alim olub: “Hazırda o, 200-dən artıq elmi məqalənin, 22 müəlliflik şəhadətnaməsinin müəllifidir. İzzət Orucova texniki elmlər doktorudur, Azərbaycan Elmlər Akademiyasının üzvü seçilib. Neft kimyası sahəsində əldə etdiyi nailiyyətlərə görə Azərbaycan dövlət mükafatına layiq görülüb. Alimin fəaliyyəti yüksək hökumət mükafatları ilə qiymətləndirilib”.
Aziz.ge həmin fotoşəkli və ona verilən təsvirin yer aldığı vərəqəni təqdim edir.