Üzeyir Hacıbəylinin Qori seminariyasındakı şəxsi işindən: Xüsusən rəsm çəkməyi və musiqini sevir, doğma dilə görə töhmət alıb

Bu gün Azərbaycanın dahi bəstəkarı, milli operamızın banisi, görkəmli ictimai xadim Üzeyir Hacıbəylinin (1885-1948) anadan olmasından 139 il ötür.

Aziz.ge Milli Musiqi Günündə vaxtilə Tbilisidə dərc olunan “Gənc stalinçi” («Молодой сталинец») qəzetinin 17 mart 1956-cı il sayında işıq üzü görmüş “Üzeyir Hacıbəyov Qori Müəllimlər Seminariyasında” («Узеир Гаджибеков в Горийской учительской семинарии») başlıqlı məqaləni təqdim edir.

Müəllif M.Kekelidze yazısına bu sözlərlə başlayıb:

“1876-cı ildə açılmış Qori Müəllimlər Seminariyasında bir çox gürcü, rus, azərbaycanlı, erməni və digər millətlərin nümayəndələri pedaqoji təhsil alaraq gələcəkdə xalqlarına vicdanla xidmət ediblər. Məktəbin tələbələri arasında “Leyli və Məcnun”, “Şeyx Sənan”, “Rüstəm və Zöhrab” kimi opera əsərləri yaratmış görkəmli azərbaycanlı bəstəkar Üzeyir Hacıbəyov da olub. O, seminariyada 1880-ci ildə açılan “tatar şöbəsi”ndə təhsil alıb. Bu şöbədə azərbaycanlılar, çerkeslər, kabardinlər, müsəlman gürcülər, ləzgilər və digərləri təhsil alırdılar”.

Qəbul imtahanı və nəticələri

Məqalədən məlum olur ki, Ü.Hacıbəylinin seminariyadakı 1 422 saylı şəxsi işi 1899-1904-cü illəri əhatə edir. O, 1899-cu ilin avqustun 26-da rus dili üzrə imtahan verib, iki yazılı iş yerinə yetirib. Onlardan birini müəllim belə qiymətləndirib: “Yaxşı ifadə olunub. Cümlənin növlərində və formalarında səhvlər var”. Digəri belə qiymətləndirmə alıb: “Yaxşı danışır, cəld və doğru cavab verir”.

İmtahanlardan sonra 1899-cu ilin sentyabrın 1-də Ü.Hacıbəyli Qori Müəllimlər Seminariyasının kiçik hazırlıq sinfinə dövlət hesabına qəbul olunub.

Qori Müəllimlər Seminariyası

Hacıbəylinin xarakteristikası, doğma dilə görə töhmət

Şəxsi işdə tələbənin təhsil müddətində xarakteristikası və müxtəlif nalayiq hərəkətlərə görə verilən cəzaların qeyd olunduğu konduit vərəqəsi də saxlanılır.

Ü.Hacıbəyliyə 1899-1900-cü tədris ilinə aid olan ilk xarakteristikanı seminariyanın qocaman müəllimi Konstantin Zuraboviç Qarakanidze verib: “O, qabiliyyətli, yoldaşlarından daha çox səmimidir. Rəsm çəkməyi və mütaliəni sevir. Məqalələrin tatar dilindən rus dilinə və əksinə tərcüməsilə könüllü olaraq çalışır. Şən xarakterlidir, şuxdur. İl üzrə davranışı 5 qiymətinə layiqdir”.

1902-ci ilin mayın 30-da müəllim V.Polevskiy tələbə Üzeyiri belə xarakterizə edib: “Üzeyir Hcıbəyovun tatardilli kitabların tərcüməsinə sevgisi çox güclənib və hətta müəlliflərin təqlidinə qədər inkişaf edib. Sinifdə tatar şairi kimi tanınır. Tərcümələri və yazıçılığı onun məşğələlərinə ziyan vururdu. Hacıbəyovun şuxluğu itib və ciddiliklə əvəzlənib. O daha çox qəmgindir, nəinki şən. Tez-tez qaşqabaqlı və dinməz olur”.

M.Kekelidze qeyd edib ki, K.Qarakanidzedən fərqli olaraq V.Polevskiy Hacıbəyovun ədəbiyyata həvəsini müəyyən təəssüflə vurğulayır. 1902-1903-cü tədris ilində Polevskiy Hacıbəyovu bu cür xarakterizə edir: “Tərcümələr artıq etmir, lakin hərdən şeirlər yazır. Xüsusən rəsm çəkməyi və musiqini sevir, lakin tədris olunan fənlərə meylliyi sezilməyib. Ünsiyyətsizliyi və qaşqabaqlığı cüzi azalıb”.

Müəllif hesab edir ki, xarakterdə dəyişikliyin öz səbəbləri olub: “Mən şəxsən hesab edirəm ki, doğma dildə danışmağa olan qadağa gənc Hacıbəyovun ürəyini qəm-qüssə ilə doldurmaya bilməzdi. Onun musiqi və ədəbiyyata marağına gəlincə, bu, sonralar şübhəsiz Hacıbəyova böyük kömək oldu. Məlumdur ki, bəstəkar operalarının hamısı üçün librettoları özü yazırdı”.

Konduit vərəqəsindən göründüyü kimi, Üzeyir Hacıbəyov sakit və intizamlı tələbə olub. Seminariyada təhsil aldığı 5 il müddətində o, nadir hallarda nizam-intizamı pozub. Vərəqədə qeyd olunub: “Bir dəfə o, musiqi dərsini buraxıb, ikinci dəfə tətildən seminariyaya vaxtında qayıtmayıb, üçüncü dəfə 1900-cü ilin dekabrın 3-də Hacıbəyov tatar (Azərbaycan) dilində danışıb və buna görə inspektor ona töhmət verib”.

Seminariyanın direktoruna məktub

Seminariya, bir qayda olaraq, məzunlarına tövsiyə verirdi və işə düzəlməyə kömək edirdi. Ü.Hacıbəyli 1904-cü ildə bu cür tövsiyə ilə Gürcüstandan doğma Azərbaycana yollanır və xalq müəllimi kimi işləməyə başlayır. Onun müəllim vəzifələrinə o zamankı baxışlarını 1904-cü ilin iyulun 10-da Yelizavetpoldan (indiki Gəncə) seminariyanın direktoruna göndərdiyi şəxsi məktubu çox yaxşı göstərir.

Məktubun mətni aşağıdakı kimidir:

“Çox hörmətli Mixail Alekseyeviç! Sizi məlumatlandırmağı özümə borc bilirəm. Mən Hadrut məktəbinin (Cəbrayıl qəzası, Şuşa yaxınlığında) 3-cü sinfinə müəllim təyin olunmuşam. Etiraf edim ki, kəndə təyinatım məni çox sevndirir. Bakıya can atsam da, bu şəhərin qaynayan, demək olar ki, coşqun həyatı ilə tanış olandan sonra belə qənaətə gəldim ki, orada pedaqoji tələblər və sizin xoş arzularınıza uyğun olaraq müqəddəs xidmətimi çətin apara bilim. Şübhəsiz ki, ağır, lakin müqəddəs xidmətə yola düşərkən mən seminariyanın bizi təmin etdiyi mənəvi və fiziki gücü göstərəcəyəm və Sizin tövsiyələri tam doğruldacağam. Allah Sizə gənc qafqazlıların cavan ürəklərini işıqlandıraraq onları tayfalarının avamlıqlarına qarşı silaha çevirməkdə uzun ömür versin!!


Unudulmaz Mixail Alekseyeviç, Sizdən acizanə xahiş edirəm ki, sənədlərimi attestatla birgə Yelizavetpol Direksiyasına göndərəsiniz. Orada bu sənədləri təkidlə tələb edirlər. Mən hazırda Yelizavetpolda xəstə yatan qardaşımın yanındayam və burada hələ 10-15 gün qalacağam. Hər ehtimala qarşı ünvanımı təqdim edirəm və Sizə dərin hörmətimi bildirirəm.


Sizin yetirməniz Üzeyir Hacıbəyov”.

________________

2021-ci ildə Report informasiya agentliyinin saytında dərc olunan məqalədən götürülüb. Müəllifi Cəmilə Babayevadır.