Sentyabrın 27-dən oktyabrın 3-dək Gürcüstanın Batumi şəhərində XIX Batumi Beynəlxalq Art-House Kino Festivalı (BIAFF 2024) keçiriləcək.
Tədbirin təşkilat komitəsinin məlumatına əsasən, kinofestivalda 25-dən çox ölkədən 30 tammetrajlı və 25 qısametrajlı film təqdim olunacaq.
Azərbaycan beynəlxalq festivalda rejissor Azər Quliyevin “Sanki Yoxsan” filmi ilə təmsil olunacaq. Ekran əsəri qısametrajlı filmlərin müsabiqə proqramına daxil edilib.
Filmlər Grand Mall alış-veriş mərkəzinin CAVEA kinoteatrında və Avropa meydanında (açıq havada) nümayiş etdiriləcək.
Festival qaliblərini beynəlxalq münsiflər heyəti müəyyən edəcək.
Qeyd edək ki, Batumi Beynəlxalq Kino Festivalı 2006-cı ildə təsis olunub. Tədbirə dövlət dəstəyi artıq üç ildir göstərilmir. Təşkilatçısı kimi Batuminin “Arqani” İncəsənət Evi çıxış edir. Bu səbədən festivalın rəsmi adına “Art-house” sözü əlavə edilib.
“Sanki Yoxsan” filmi bu il 77-ci Kann Film Festivalının müsabiqə proqramına daxil edilib, 30-cu Sarayevo Film Festivalında nümayiş etdirilib. Ekran əsərində ailələri arasında baş verənləri rədd edən sevgililər – Samir və Leyla qaçmağa qərar verirlər. Növbəti gün Samir yoxa çıxır. Ümidsiz vəziyyətdə dolaşan Leyla, Samiri tapmağa çalışır və itirdiyi sevgilisinin naməlum taleyinə qərq olur. Tədricən, Leyla özü də bu sirrin bir hissəsinə çevrilir.
Aziz.ge