Azərbaycanlıların Qoriyə maraqlı səfəri, qədim gürcü şəhərində Bakı küçəsinin kəşfi

Gürcüstanın Qori şəhərində Bakı küçəsinin olduğunu bir neçə ay öncə tam təsadüfən bir məlumatdan öyrənmişdim. Məlumatı Qori meriyası yaymışdı və küçənin bərpası haqqında idi. Qoridə bir neçə dəfə olsam da, qədim şəhəri gəzib dolaşa bilməmişdim. Növbəti səfərim zamanı Qoridə ilk gedəcəyim məkanların siyahısında Bakı küçəsi ilk yeri tuturdu.

Ötən şənbə günü Qoriyə yollandım. Məni bu şəhərə səfərə həvəsləndirən “EU4Culture” layihəsinin yekunlarına həsr olunan festivalda azərbaycanlı tarzən İbrahim Babayev və gürcü rəqqasə Natia Bunturinin birgə təqdim edəcəkləri xoreoqrafik performans idi. Tədbir haqqında Tbilisidəki Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin direktor müavini Leyla Əliyeva məlumat yaymışdı. Qoriyə festivala getmək istəyənlər üçün avtobusun ayrıldığını da Leylanın sayəsində öyrəndim. Qoriyə tək başına Tbilisi-Qori marşrutkası ilə getmək planımı ləğv edib, xüsusi avtobusla getmək üçün qeydiyyatdan keçdim.

Qoriyə saat 2 olardı çatmışdım.Tamaşa isə saat 5-də nümayiş etdiriləcəkdi. Bakı küçəsinə getmək üçün xeyli vaxtım var idi. Yol yoldaşlarım — Elmira, Nəsimi və Aslan da Bakı küçəsini mənimlə birgə “kəşf etməyə” hazır olduqlarını bildirdilər.

“Google maps”in köməyi ilə Bakı küçəsinə doğru hamıdan öndə addımlayıram. Məhəllələrin arasından keçirəm və ad bildirən pas atmış lövhənin üzərində uzaqdan rusca “Bakinskaya ulitsa” sözlərini oxuyuram. “Tapdım” deyə dostlarımı səslədim.

Bakı küçəsi kiçikdir, uzunluğu cəmi 280 metr təşkil edir. Küçə boyu 14 ünvan lövhəsi var. Şəhər meriyası bu ilin aprelində küçədə əsaslı bərpa işləri həyata keçirib. Asfaltlanma, səkilərin, kanalizasiya və işıqlandırma sistemlərinin yenilənməsi ilə Bakı küçəsi yeni görkəm alıb. Qori meriyasının yenidənqurma işlərinin yekunları haqqında paylaşımında küçənin əvvəlki və bərpadan sonrakı görkəmini əks etdirən fotoşəkilləri görmək mümkündür.

Küçənin tarixçəsi barədə açıq mənbələrdə hər hansı bir məlumata rast gəlmədim. Bakı küçəsinin sakinlərinin sözlərinə görə, küçəyə Azərbaycan paytaxtının adı sovet illərində verilib. Sakinlərdən biri Giorgi İluridzenin dediyinə görə, o, Bakı küçəsində 1969-cu ildən yaşayır: “Həmin il küçənin adı Bakı idi. Bu ad küçənin ilk adıdır, heç vaxt dəyişdirilməyib. Küçədəki yaşayış binaları 1960-1970-ci illərdə inşa olunub”.

Bakı küçəsinə ilk ayaq basan azərbaycanlılar, deyəsən, elə biz olduq. Bunu həmsöhbət olduğumuz küçə sakinlərinin üzlərindəki təəccüb deməyə əsas verir.  

Qorinin küçələrindən birinin Bakı adlandırılmasının 1950-ci illərin sonu və ya 1960-cı illərin əvvəllərinə təsadüf etdiyini ehtimal etmək olar. Küçə ən azı 60 ildir Bakı adını daşıyır.

Küçə boyu sovet dövründən qalmış ad bildirən köhnə, pas atmış bir neçə lövhəyə rast gəlinir. Nisbətən yeni lövhələrdə isə ad gürcü və ingiliscə verilib. İngiliscə küçənin adı “Bako” kimi yazılıb. Bu, Bakının gürcücə yazılışının ingilis dilinə tərcüməsidir.

Giorgi İluridze bizə Qoridə Bakı, daha dəqiq isə Bakı nefti ilə əlaqəli olan bir məkan barədə də məlumat verdi. Bakı küçəsinin Bakı kimi mehriban sakini bizi maşını ilə həmin məkana apardı. Həmin məkan haqqında yaxın günlərdə ayrıca yazı təqdim edəcəyəm.

 Cəmilə Babayeva