Gürcüstanda “EU4Culture” festivalı: Azərbaycanlı tarzən və gürcü rəqqasə xoreoqrafik tamaşa təqdim edib

Gürcüstanın Qori şəhərində azərbaycanlı tarzən İbrahim Babayev və gürcü rəqqasə Natia Bunturinin təqdimatında “Nəzarət altında sürəklik” (“Controlled Duration”) adlı xoreoqrafik tamaşa göstərilib.

Aziz.ge xəbər verir ki, performans Avropa İttifaqının “EU4Culture” (“Avropa İttifaqı Mədəniyyət naminə”) dördillik layihəsinin yekunlarına həsr olunan “Şəhər hekayələri, müxtəlif səslər” adlı festivalda nümayiş etdirilib.

Qorinin İncəsənət Evinin (Art House) qarşısında təqdim edilən tamaşanın məqsədini layihə təşkilatçıları bu cür açıqlayıb:

“Xoreoqrafik tamaşa rəqs sənətini ənənəvi akademik mühitdən uzaqlaşdırmağa və onu tamaşaçılarla sənətçilər arasında empatik əlaqənin qurulduğu açıq, şəhər məkanına uyğunlaşdırmağa çalışır”.

Azərbaycanı təmsil edən tarzən İbrahim Babayev 1997-ci ildə anadan olub. Altı yaşında pianoda ifa etməyə başlayıb, 10 yaşından tarda çalır. O, Azərbaycan Milli Konservatoriyasının məzunu, respublika və beynəlxalq müsabiqələr laureatıdır.

Musiqiçi xoreoqrafik performansdan sonra solo ifasını təqdim edib. O, “Aziz.ge”yə açıqlamasında bildirib ki, tamaşa ilə bağlı təklifi məmnuniyyətlə qəbul edib və bir ay ərzində ərsəyə gətirilib:

“Performansda həm Azərbaycan muğamı, həm də gürcü və müəllifi olduğum bir neçə musiqi istifadə edilib. Bu, mədəniyyətlərin birləşməsidir. Azərbaycan muğamı və musiqisini təmsil etdiyimə, şah alətimiz olan tarı təqdim etdiyimə görə böyük qürur hissi keçirirəm. Festival zamanı Azərbaycan musiqisinə və tara böyük diqqət və maraq gördüm. Layihədə iştirakdan böyük məmnunluq hissi keçirdim”.

“EU4Culture” layihəsinin Azərbaycan üzrə koordinatoru Firuzə Bağırın sözlərinə görə, ölkəmiz bu layihəyə 2021-ci ilin yanvarından qoşulub:

“Layihə çərçivəsində “Şərq tərəfdaşlığı” ölkələrində qeyri-paytaxt şəhərlərin mədəni inkişafına üstünlük verilib. Regional şəhərlərdən olan sənətkarları cəlb edərək, xüsusi qrantlar ayıraraq onların Avropa ölkələrində təhsil almalarına, müxtəlif tədbirlərdə iştiraklarına dəstək olmuşuq. Azərbaycandan indiyə kimi 62 nəfər maliyyələşdirilib. İbrahim bəy də layihə çərçivəsində Türkiyədə üç aylıq kurs keçib və bu onun karyerasında mühüm dəyişkliyə səbəb olub”.

Koordinator qeyd edib ki, layihə uğurlu olduğuna görə davam etdirilməsi planlaşdırılır.

Qeyd edək ki, festival zamanı tədbir iştirakçıları “EU4Culture” layihəsinin nəticələri və Gürcüstanın mədəniyyət və yaradıcı sektoruna təsiri ilə tanış ola biliblər. İkigünlük festivalda Azərbaycan, Gürcüstan, Ermənistan, Belarus və Ukraynadan 25-ə yaxın incəsənət və mədəniyyət xadimi iştirak edib. Festivalın proqramı sərgilər, audiovizual və rəqs təqdimatları, panel müzakirələr, ustad dərsləri, kino nümayişləri və digər tədbirlərdən ibarət olub.

Mədəniyyətin bölgədə genişlənməsi və sosial inkişafına töhfə vermək məqsədi daşıyan “EU4Culture” layihəsi Höte İnstitutu (əsas tərəfdaş), Gürcüstanın Fransa İnstitutu, Danimarka Mədəniyyət İnstitutu, Çex Mərkəzləri tərəfindən həyata keçirilir. Layihənin reallaşdırılmasında “Şərq Tərəfdaşlığı” ölkələrində qeyri-paytaxt və rayonlara xüsusi diqqət yetirilir.