Azərbaycanın ilk balerinasının məşhur yetirməsi — Gürcüstanın Xalq artisti Vera Tsiqnadze

Gürcüstan baletinin əfsanəsi Vera Tsiqnadzenin anadan olmasından 100 il ötüb. Gürcüstanın Xalq artisti, bir sıra dövlət mükafatları laureatı 1924-cü ilin sentyabrın 24-də Bakıda anadan olub.

Vera Tsiqnadze

Veranın anası Azərbaycan paytaxtına Rusiyadan gəlib və xəstəxanaların birində işləyib. Kutaisidən olan atası isə Bakıda işi ilə əlaqədar olub, xəstələndiyinə görə Veranın anasının işlədiyi xəstəxanaya yerləşdirilib. Veranın valideynləri xəstəxanada tanış olub, sonra ailə qurublar.

Vera Tsiqnadze 1943-cü ildə Bakı Xoreoqrafiya Məktəbini bitirib. O, Azərbaycan səhnəsinin ilk balerinası Qəmər Almaszadənin (1915-2006) yetirdiyi görkəmli balet ustalarından biridir.

Qəmər Almaszadə

Gürcü balerina o zamankı Mirzə Fətəli Axundov adına Azərbaycan Opera və Balet teatrının truppasında çalışıb. Kordebaletdə çıxışlarla başlayan V.Tsiqnadzeyə 16 yaşında “Raymond” baletində ilk əsas partiya həvalə olunub.

1946-cı ildə SSRİ Xalq atristi Vaxtanq Çabukiani (1910-1992) onu Tbilisiyə, Zakaria Paliaşvili adına Opera və Balet Teatrına aparıcı rəqqasə kimi dəvət edib.  

Vera Tsiqnadze və Vaxtanq Çabukiani

V.Tsiqnadze balet tamaşalarında tamamilə yeni, unikal və yaddaqalan personajlar yaradıb. Tbilisi Opera və Balet Teatrında 30 il fəaliyyət göstərib. Karyerasını başa vurandan sonra Tbilisi Xoreoqrafiya Məktəbində klassik rəqsdən dərs deyib.

2007-ci ildə Qu bürcündəki ulduz Vera Tsiqnadzenin şərəfinə adlandırılıb. Balet ustası 2016-cı ildə 92 yaşında vəfat edib.

Tbilisi Opera və Balet Teatrının görkəmli balerinanın vəfatı ilə bağlı yaydığı nekroloqdan:

“Vera Tsiqnadzenin gürcü baletinin inkişafındakı payı dəyərsizdir. Vaxtanq Çabukiani ilə birgə o, bu günə qədər həm gürcü mədəniyyəti, həm də dünya miqyası üçün xüsusi əhəmiyyət kəsb edən bütöv bir epoxa yaradıb”.

Aziz.ge