Gürcüstan ilhamlandırmaqda davam edir, Azərbaycan musiqiçisi yeni əsərlər yaradıb

“Tiflisin yolları”, “Tbilisidə görüş”, “Borjomi parkı”. Azərbaycan musiqiçilərinin Gürcüstandan ilhamlanaraq yazdıqları ən tanınan mahnı və kompozisiyalar belə adlanır. “Tiflisin yolları” Azərbaycan xalq mahnısıdır, söz və musiqi müəllifi görkəmli xanəndəmiz Cabbar Qaryağdıoğlu, “Tbilisidə görüş” və “Borjomi parkı” kompozisiyalarının müəllifi isə caz-muğam üslubunun banisi Vaqif Mustafazadədir.

Bu siyahını “Səmada rəqs” və “Gürcüstanda səhər” adlı iki yeni əsərlə genişləndirə bilərik. Müəllifi Azərbaycanın gənc və istedadlı tarzəni, bəstəkar İbrahim Babayevdir. Qonşu və dost ölkə Azərbaycan musiqiçilərini ilhamlandırmaq qüdrətini tükətmir. Musiqiçi ilk əsəri ötən həftə Qori şəhərində baş tutmuş “EU4Culture” festivalında ifa edib.

Tarzən musiqilərin yaranma tarixçələrini Aziz.ge ilə bölüşüb:

“İki il öncə Batumidə musiqi festivalında iştirak etmək üçün Gürcüstanda idim. Mənim üçün Tbilisi çox mistik və sehrli yerdir. Bu təsirin altında “Səmada rəqs” musiqisini yaratdım. Qoriyə səfərim də məni musiqi yazmağa həvəsləndirdi. “Gürcüstanda səhər” musiqisi ərsəyə gəldi. Gürcüstana hər gəlişimdə musiqi bəstələməyə ilhamlanıram. “Səmada rəqs” əsəri qısa zamanda işıq üzü görəcək albomuma daxil ediləcək. “Gürcüstanda səhər”in isə dinləyicilərə nə zaman təqdim ediləcəyini hələ söyləyə bilmərəm”.

Qeyd edək ki, İ.Babayev milli və elektron musiqinin sintezindən ibarət ifalar təqdim edir. Musiqisevərlər onun orijinal kompozisiyalarını böyük maraqla qarşılayırlar.

Həmçinin oxu:

Gürcüstanda “EU4Culture” festivalı: Azərbaycanlı tarzən və gürcü rəqqasə xoreoqrafik tamaşa təqdim edib

Azərbaycan xalq mahnısı: “Tiflisin yolları” – Müəllifi kimdir və necə yaranıb?