Azərbaycan Tbilisidə keçirilən yeni beynəlxalq film festivalına dəvət olunub

Azərbaycan Gürcüstanda keçirilməsinə start verilmiş Beynəlxalq İncəsənət və Səyahət Film Festivalına (Art&Travel International Film Festival) dəvət olunub.

Festival ilk dəfə olaraq sentyabrın 28-29-da Tbilisidəki “Amirani” kinoteatrında baş tutub. Festivala 10-dan çox ölkədən minə yaxın film və fotoseriya təqdim olunub.

Qalibləri beynəlxalq münsiflər heyəti müəyyən edib. Heyətdə Türkiyəni Beynəlxalq Turizm Filmləri Festivalının prezidenti, Düyna Film Festivalları Komitəsinin rəhbəri, rejissor Can Saraçoğlu təmsil edib.

Can Saraçoğlu

O, Gürcüstanda keçirilmiş ilk festivalla bağlı fikirlərini Aziz.ge ilə bölüşüb:

“Film festivalı Gürcüstanda ilk dəfə təşkil olunsa da, təşkilatçılar öhdəsindən uğurla gələ biliblər. Bu festival tarix, mədəniyyət və qastronomiya mövzularını özündə birləşdirir. Gürcüstan ev sahibliyini uğurla bacardı. Beynəlxalq tədbiri çox bəyəndim, xarici qonaqlar da heyran qaldıqlarını bildiriblər. İlk festival olsa da, yaxşı və uğurlu filmlər təqdim olunub. Texnoloji baxımdan ekran əsərlərinin səviyyələri yüksəkdir. İlk il bir az çətin ola bilər. Dünyanın tanıması üçün zaman tələb olunur. Festival bir ilə daha güclü olacaq. Biz də festivala dəstək göstərməyə hazırıq. Filmlər göndərəcəyik ki, bu ailə daha da böyüsün”.

C.Saraçoğlu Azərbaycanın da bu cür festivallara qatılmasını vacib hesab edir. Onun fikrincə, müxtəlif turizm filmləri festivallarına qatılmaqla Azərbaycanın zəngin mədəniyyəti, musiqisi, mətbəxi dünyada daha çox tanınar:

“Bizim coğrafiyamıız çox gözəl mətbəxə, mədəniyyətə, musiqiyə malikdir. Azərbaycana hər gəldiyimizdə öz mədəniyyətimizi, musiqimizi, mətbəximizi görürük. Gözəl coğrafiyaya sahibik, amma bunu dünyaya tanıtmağımız lazımdır. Rəsmi qurumlar bu istiqamətdə fəaliyyət göstərirlər. Lakin festivallar bunu ödənişsiz edir. Çəkilən filmlər və fotolar  dünyanın dörd yanına yayılır. Bu səbədən festivalların çox önəmli vəzifəsi var. Gürcüstan bunu bacarır, Azərbaycanda da illər öncə Bakı Beynəlxalq Turizm Filmləri Festivalı təşkil olunub. 2017-ci ildə baş tutmuş fetivalın münsiflər heyətinə başçılıq etmişəm. Biz bunu Türkiyədə davam etdirməyə çalışırıq”.

Münsiflər heyətinin digər üzvü tanınmış gürcü jurnalist və aparıcı Zurab Dvali də Beynəlxalq İncəsənət və Səyahət Film Festivalının önəmindən danışıb.

Zurab Dvali

O, “Aziz.ge”yə bildirib ki, Azərbaycan bu festivalda mütləq təmsil olunmalıdır:

“Tbilisidə baş tutmuş yeni turizm film festivalı çox vacib hadisədir. Çünki Gürcüstan turizm ölkəsi kimi təbii olaraq dünya ölkələri ilə sıx əlaqələrə malik olmalıdır. Turizm istiqmatlərinin tanıdılması ilə məşğul olan çəkiliş qruplarının, prodüsserlərin, rejissorların Gürcüstana gəlib gəzməli-gprməli yerləri gəzməsi, fikir və informasiya mübadiləsi aparması mühüm əhəmiyyətə malikdir. Səfərlər zamanı turizm sektorunda baş verənlər, tendensiyalar, aktual istiqamətlər barədə fikir və informasiya mübadiələri aparılır. Azərbaycan da bu festivala mütləq qatılmalıdır. Çünki ilk növbədə Azərbaycanda turizm sahəsində bir sıra layihələr həyata keçirilir. Hətta Gürcüstanla birgə turizm marşrutları da hazırlanmışdı. Yeganə mane olan səbəb Azərbaycanın quru sərhədlərinin bağlı olmasıdır. Azərbaycan tərəfi ilə birgə televiziya proqramları seriyasının hazırlanması üzərində iş aparılıb. Lakin sərhədlər bağlı olduğundan layihəni həyata keçirmək mümkün olmayıb”.  

Qeyd edək ki, Beynəlxalq İncəsənət və Səyahət Film Festivalının qalibləri altı kateqoriya (sənədli, qısa film, fotoqrafiya, qatronomiya, dron/timelapse, tanıtım) üzrə seçilib. Qaliblərə Qran-Pri, xüsusi mükafatlar və diplomlar təqdim olunub. Festivalın beynəlxalq münsiflər heyətində “Azərbaycan Turizm Blogerləri Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri, səyyah Azər Qəribov da yer alıb.

Təşkilatçıların sözlərinə görə, festival hər il keçiriləcək və Azərbaycan da daxil olmaqla yeni iştirakçı ölkələr cəlb olunacaq.