“Azərbaycanlının nəyini sevirəm: bir dilini, min bir əlini!”. Gürcülərin köhnə atalar sözlərindən biridir. Bu atalar sözü 1981-ci ildə Bakıda nəşr olunmuş “Bir sinədə iki ürək” adlı kitabın ön sözündə verilib. Müəllifi Azərbaycanın Əməkdar mədəniyyət işçisi, ədəbiyyatşünas, tanınmış şair, tərcüməçi Abbas Abdulla (1940-2019) olan “Güzgüdə görünən kimi” adlı ön sözdə bildirilib ki, gürcü xalqının xalqımıza, dilimizə sevgisinin, sayğısının tarixi çox-çox uzaq illərə gedib dayanır.
Abbas Abdulla qeyd edib ki, bu uzaq illərin birində el ağsaqqalı bir gürcü üzünü həmvətənlərinə tutub və bu yuxarıda göstərilən ata sözünü deyib.
Müəllif bu ata sözünün tək olmadığını vurğulayıb:
“Gürcülər söhbət zamanı sözünə söykək, fikrinə dayaq olmaq üçün ata sözlərimizə, el ağsaqqallarımızın hikmətinə arxalanmışlar:
Azərbaycanlı demişkən:
Ağır otur, batman gəl.
Azərbaycanlı demişkən:
Ayda-ildə bir namaz,
Onu da şeytan qoymaz.
Elinə-obasına yağı təpiləndə gürcü yenə üzünü düz ilqarlı qonşusuna tutub:
Azərbaycanlı,
Mənə qardaş olsan,
Lap qadanı alaram.
Azərbaycan da öz od-ocaq qonşusunun səsini eşidib, ona dost, qardaş olub. Bu dostluq, bu qardaşlıq yüzilliklərin ağır sınağından üzü ağ çıxıb”.
Abbas Abdullanın yazdığına görə, qonşu gözü iti, qonşu sözü kəsərli olar:
“Gürcü ata sözlərinin çoxunda azərbaycanlıların təbiəti doğru-düzgün şux zarafatla verilir:
Azərbaycanlının acığı tutdumu
Mahnı oxuyar”.
Müəllif qeyd edib ki, əkin-biçin, süfrə mahnıları ilə zəngin olan gürcü el ədəbiyyatının bəzi nümunələrində yerlərimizin adı çəkilir:
Gəncə kotanı yaxşıdır
Qayış İrəvandan ola.
Kəllər Qoğetdən alına,
Öküzlər Muxrandan ola.
(Əkinçinin türküsü)
Qoğet və Muxran Gürcüstanda yer adlarıdır.