Gürcüstanın “Kviris palitra” qəzetində bu yaxınlarda ““Gürcü “Rüstəm”” sərlövhəli məqalə dərc edilib. Məqalə 1980-ci ildə kinorejissor, Azərbaycanın Xalq artisti Oqtay Mirqasımovun lentə aldığı “Anlamaq istəyirəm” tammetrajlı bədii filmində Rüstəm rolunda çəkilmiş gürcü aktyor Rezo Çxikvişviliyə həsr olunub.
Aziz.ge həmin məqaləni ixtisarla təqdim edir.
Məqalənin ilk abzası:
““Rezo Çxikvişvili 1980-ci ilin (“Azərbaycanfilm”) “Anlamaq istəyirəm” (“Хочу понять”) filmində” – bu sözlərlə sosial şəbəkədə kadrlar paylaşılıb. Məlum olur ki, bu film Gürcüstanda tanınmır. Biz bu Azərbaycan filmi barədə danışmaq üçün cənab Rezo ilə əlaqə saxladıq”.
Gürcüstanın Əməkdar artisti Rezo Çxikvişvili qəzetə bildirib ki, “Anlamaq istəyirəm” çəkildiyi ilk böyük film olub.
“Film mərkəzi televiziyanın sifarişi əsasında çəkilib. İki seriyalı bədii film idi. Azərbaycan kinostudiyası və rejissor Oqtay Mirqasımov baş rola aktyor axtarışında idilər, gürcü rejissor Soso Çxaidze Oqtayın dostu idi və o, məni həmin dövrün populyar aktyoru kimi rola təklif etdi. Bildiyiniz kimi, mən “Pəncərə arxasında bahar” tamaşası ilə tanınmışdım. Qısa zamanda məni Edişer Mağalaşvili ilə birgə ata və oğul roluna sınaq çəkilişlərinə dəvət etdilər”, – aktyor deyib.
Onun sözlərinə görə, sınaq xoş atmosferdə keçib, lakin gürcü gəncə azərbaycanlı obrazının həvalə ediləcəyinə ümidi olmayıb:
“Lakin məni təsdiq etdilər. Edişer Mağalaşvilini isə təəssüf ki, təsdiqləmədilər. Beləliklə, Azərbaycanda çəkilişlər başladı və qrafik çox gərgin idi. Çox yaxşı və olduqca xoş vaxt idi, məşhur azərbaycanlı aktyorlarla çalışırdım. Film yaxşı alındı, tamaşaçılar da bəyəndi. Həmin vaxt mərkəzi telekanal sovet ittifaqının bütün respublikalarında yayımlanırdı. Filmin ekrana çıxmasından sonra mən həmin respublikalarda tanındım”.
“Yəqin ki, Azərbaycan tamaşaçısı sizi çox bəyənib…” sualına Rezo Çxikvişvilinin cavabı belə olub:
Filmin çəkilməsindən 25 il sonra Almaniyada yolda qarşılaşdığım üç qadın mənim “Rüstəm” olub-olmamağımla bağlı mübahisə edirdilər. Onlar Almaniyada yaşayan azərbaycanlılar idilər. Mən onlara həqiqətən də “Rüstəm” olduğumu dedim. Təsəvvür edin, filmin ekranalara çıxmasından 25 il sonra mənə bir nəfər məktub yazıb teatrın girişində qoymuşdu. O bildirmişdi ki, məni həmin filmə görə tanıyıb… “Annlamaq istəyirəm”dən sonra rejissor Merab Tavadzenin “Mən qayıdacağam” bədii filmində çəkildim. Bu, rol aldığım ilk gürcü filmi idi”.
Qeyd edək ki, filmdə Həsən Məmmədov, Həsənağa Turabov, Zemfira Sadıqova, Həmidə Ömərova və digər tanınmış aktyorlar çəkilib.