Gürcüstanda Bakı-Batumi neft kəmərinin iki eyni stansiyası — biri mədəni irs abidəsi, digəri baxımsız vəziyyətdə  

Gürcüstanda vaxtilə mövcud olmuş Bakı-Batumi neft kəmərinə aid iki nasos yarımstansiyası günümüzə qədər gəlib çatıb. Onlardan biri qonşu ölkənin qədim paytaxtı Mtsxeta, digəri isə Qori şəhərində yerləşir.

Tarixə qovuşmuş boru kəməri 1928-1930-cu illərdə Bakı neftini Qara dəniz sahilində yerləşən Batumi limanına nəql etmək məqsədilə inşa edilmişdi. Tikinti işləri akademik Vladimir Şuxovun başçılığı altında aparılıb.

Mtsxeta şəhərində yerləşən nasos yarımstansiyasına 2018-ci ilin mayında Gürcüstanın daşınmaz mədəni irs abidəsi statusu verilib. Müvafiq qərarı Gürcüstanın Mədəni İrsin Mühafizəsi Milli Agentliyi qəbul edib.

Agentliyin məlumatına əsasən, stansiya düzbucaqlı formada olub. Birmərtəbəli geniş zal (sahəsi 424 kv. m, hündürlüyü 10,30 m) buxar mühərrikləri üçün inşa edilib. Stansiyanın zirzəmisində (hündürlüyü təqribən 2,25-2,40 m) bu günə qədər neftin isidilməsi üçün kərpicdən 12 iri peç yerləşir.

1962-ci ildə bu binada sənaye fabriki fəaliyyət göstərib. Həmin vaxt stansiyanın əsas zalı ikimərtəbəli sexə (birinin hündürlüyü – 3,87 m, ikincinin – 6,27 m) çevrilib, kiçik ölçülü lift və ikinci mərtəbəyə qalxan pilləkan əlavə edilib. Stansiyanın qarşısında ikimərtəbəli inzibati bina tikilib.

Yarımstansiya əməkdaşlarının yaşaması üçün tikilinin yaxınlığında iki ev də inşa edilib. Tikinti materialları və memarlıq stilinə görə evlər yarımstansiyanın ümumi stilini təkrarlayır. Bu gün də yaşayışın olduğu evlərə əlavələr edilərək dəyişdirilib.

Qori şəhərində yerləşən yarımstansiya Mtsxetadakı yarımstansiyanın əkizidir. Eyni memarlıq elementləri, eyni “КРА” rusca abreviaturu və yaxınlıqdakı yaşayış evləri ilə. Tikilinin üzərində “1903” yazılıb. Böyük ehtimal ki, bu, yarımstansiyanın inşa edildiyi ildir. Təəssüflər olsun ki, Mtsxetadakı “əkizi”ndən fərqli olaraq Qoridəki yarımstansiya baxımsız vəziyyətdədir.

Qori sakini Giorgi İluridzenin “Aziz.ge”yə bildirdiyinə görə, tikilini gürcü sahibkar alıb, lakin binanın hansı məqsədlə isifadə olunacağı məlum deyil. Stansiyanın ön hissəsində qalaqlanmış iri daş parçaları ərazidə bəzi söküntü işlərinin aparıldığını deməyə əsas verir. Mtsxetada olduğu kimi, Qoridə də yarımstansiyanın yaxınlığında obyektin işçiləri üçün inşa edilmiş eyni memarlıq üslubuna malik, bu gün də yaşayışın olduğu evlər var.

Gürcüstanın Mədəni İrsin Mühafizəsi Milli Agentliyinin Qoridəki Bakı-Batumi neft kəmərinə aid olmuş yarımstansiyaya da mədəni irs abidəsi statusu verməsi məntiqli olar.

Qeyd etmək yerinə düşər ki, həm Mtsxeta, həm də Qori Gürcüstanda turistlərin ən çox üz tutduğu şəhərlər arasındadır. Bunu nəzərə alaraq, iki şəhərdə eyni unikal tikili bərpa edilib ən maraqlı turistik məkanlara çevrilə bilər.