Tanınmış gürcü jurnalistdən təklif: Xankəndidə beynəlxalq turizm filmləri festivalı təsis edilsin

“Xankəndidə beynəlxalq turizm filmləri festivalının təsis olunmasını tövsiyə edirəm”.

Bu təkliflə tanınmış gürcü jurnalist və aparıcı Zurab Dvali çıxış edib. O, “Aziz.ge”yə açıqlamasında bildirib ki, hər il bu cür festivalın təşkili Qarabağ bölgəsi üçün çox böyük tanıtım olardı.

“Festivalda iştirak etmək üçün Qarabağa dünyanın müxtəlif yerlərindən rejissorlar, prodüsserlər və ssenari müəllifləri səfər edəcək. Bu, həm Qarabağ, həm də bütövlükdə Azərbaycanda turizmin inkişafına böyük töhfə verə bilər”, – o deyib.  

Z.Dvali keçirilməsini təklif etdiyi festivala fəxri qonaq kimi qatılmağa hazırlığını ifadə edib:

“Böyük həvəslə Qarabağa səfər edib festivala işlərimlə qatılmağa hazıram. Təşəbbüsüm dəstəklənsə, festivala dünyanın müxtəlif ölkələrindən olan dostlarımın, tərəfdaşlarımızın cəlb olunmasına ən fəal köməyi göstərməyə hazıram. Dəvət edəcəyimiz qonaqlar Qarabağa gəlib, burada çəkilişlər apara, bölgənin gözəlliklərindən həzz ala bilərlər”.

Qeyd edək ki, Zurab Dvali 1990-cı ildən jurnalistika sahəsindədir. O, Qafqaz bölgəsinin qədim sivilizasiyalarının mədəni irsinin tədqiqi ilə maraqlanır. “Naməlum Qafqaz” sənədli filmlər silsiləsinin müəllifi və aparıcısıdır.

2015-ci ildən səyahət və mətbəx haqqında populyar “Qonaq gözləyirik” («Ждем в гости»)  proqramının aparıcısıdır. Proqram bir sıra beynəlxalq turizm festivallarının mükafatlarına layiq görülüb.

Z.Dvali 2017-ci ildə Bakıda keçirilmiş IV Beynəlxalq Turizm Filmləri Festivalının münsiflər heyətinin üzvü olub. O, 2012-ci ildə Tbilsidə SOCAR şirkətinin dəstəyi ilə “Azərbaycan filmlərində gürcü aktyorları” adlı fotosərginin təşkilatçılarından olub. Gürcü jurnalist 2013-cü ildə çəkilmiş və Azərbaycanın ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Dostluğun vəsiyyəti” («Завет дружбы») sənədli filminin ideya müəllifidir.