Bülbülün Tbilisidəki büstü bərpa olunur — Fotolar

Azərbaycanın görkəmli müğənnisi, SSRİ Xalq artisti Bülbülün Tbilisinin Qorqasali küçəsindəki skverdə yerləşən büstü əsaslı şəkildə bərpa olunur.

Aziz.ge xəbər verir ki, işlər Azərbaycanın Gürcüstandakı səfirliyi və SOCAR şirkətinin bu ölkədəki nümayəndəliyi tərəfindən həyata keçirilir.

Bərpa işləri çərçivəsində abidənin yerləşdiyi qranit daş və Bülbül haqqında məlumatın olduğu mərmər lövhələr Azərbaycanca və gürcücə yazı ilə birgə yenilənib. Bununla paralel olaraq büstün ağ mərmərdən olan postamenti və abidənin arxa tərəfində olan fiqurlu mərmər üzlü daşlar ağardılır. Yekunda postamentdə Bülbülün qismən pozulmuş gürcücə adı da yenilənəcək. İşlərin 2-3 gün ərzində başa çatdırılması nəzərdə tutulub.

Büstün ətrafında da bəzi zəruri işlər görülüb. Belə ki, sıradan çıxmış daşlar yeniləri ilə əvəzlənib. Büstün axşam saatlarında işıqlandırılması üçün quraşdırılmış projektorların da yenilənəcəyi gözlənilir.

Tbilisi meriyasının göstərişi ilə bu yaxınlarda büstün yerləşdiyi ərazidə müvafiq yol nişanı da quraşdırlıb.

Qeyd edək ki, Bülbülün büstü Tbilisidə 2015-ci ildə açılıb, müəllifi tanınmış heykəltəraş Giorgi Caparidzedir. On ilə yaxındır Qorqasali küçəsindəki skveri bəzəyən abidənin və ətrafının bərpaya ciddi ehtiyacı var idi.