“Tbilisoba” bayramı: Gürcüstanın azərbaycanlı icmasının mədəniyyəti təqdim edilib

Tbilisinin ənənəvi şəhər festivalı — “Tbilisoba” bu il Giorgi Çitaya adına Tbilisi Etnoqrafiya Muzeyində də qeyd olunub. Gürcüstanın Mədəniyyət və İdman Nazirliyinin dəstəyi ilə ötən həftəsonu açıq havada keçirilmiş bayram tədbirlərində ziyarətçilərə rəngarəng və maraqlı proqram təqdim olunub.

Gürcüstanın müxtəlif bölgələri muzey ərazisində mədəniyyətlərini təqdim ediblər. Müxtəlif guşələrdə rəqslər, mahnılar, əl işləri nümayiş etdirilib, ənənəvi kulinariya üzrə ustad dərsləri keçirilib. Bayramın ilk günündə Marneuli rayonununa xas adət-ənənələr də nümayiş etdirilib.

Gürcüstanın Mədəniyyət və İdman Nazirliyinin dəstəyi ilə festivalın ikinci günündə azərbaycanlı icmanın zəngin mədəniyyətini Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyi təmsil edib. Muzeyin guşəsində milli xalçalar, musiqi alətləri, məişət əşyaları sərgilənib, qatlama, fəsəli və digər şirniyyatlar təqdim olunub.

Ziyarətçilərə Borçalı mətbəxinə aid qurutlu yarpaq xəngəlinin hazırlanması prosesi göstərilib. Qonaqlar çay süfrəsinə və xəngələ qonaq edilib. Aşıq Nargilə Mehtiyevanın mahnıları, Ramin Pirməmmədovun tarda ifaları, milli rəqslərimiz festival iştirakçılarının böyük marağına səbəb olub. Gün ərzində guşəni Tbilisi sakinləri ilə yanaşı, İran, Ukrayna, Rusiya, Qazaxıstan, Böyük Britaniyadan olan turistlər də ziyarət edib.

Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin direktor müavini Leyla Əliyeva bildirib ki, muzeyin “Tbilisoba” bayramında iştirakı 10 ildən çoxdur ənənə halını alıb:

Leyla Əliyeva

“Builki “Tbilisoba” bayramında mədəniyyət nümunələrimizi həm Tbilisinin mərkəzi Abanotubani məhəlləsində, həm də Etnoqrafiya Muzeyində təqdim etdik. Hər iki guşəmiz ziyarətçilərin böyük marağına səbəb oldu. Milli mətbəx nümunələrimizi və çayımızı dadmaq üçün guşəmizə böyük axın var idi. Ziyarətçilərə Gürcüstanın azərbaycanlı icmasına aid ənənələr, rəqslərimiz, milli musiqi alətlərimiz haqqında məlumat verdik. Muzeyimizin festivalda iştirakına göstərilən dəstəyə görə Gürcüstanın Mədəniyyət və İdman Nazirliyinə, Tbilisi meriyasına, Krtsanisi bələdiyyəsinə təşəkkürümüzü bildiririk”.

Muzeyin guşəsini Gürcüstanın mədəniyyət və idman nazirinin müavini Koba Xubunaya və Etnoqrafiya Muzeyinin direktoru Nino Çipaşvili ziyarət edib. Guşəni ziyarət edənlər arasında Türkmənistan səfirinin xanımı Aygül Seyidməmmədova da olub.

Qeyd edək ki, Gürcüstan paytaxtında genişmiqyaslı “Tbilisoba” şəhər bayramı 1979-cu ildən təşkil olunur. Əvvəllər bu şənlik oktyabr ayının sonunda keçirilirdisə, 2018-ci ildən bu ayın ilk şənbə-bazar günləri qeyd edilir. Festival pandemiya səbəbindən 2020 və 2021-ci ildə baş tutmayıb.

Aziz.ge