Fərəc bəy Ağayev çar ordusunda xidmət etmiş görkəmli hərbi xadimlərimizdən biridir. O, 1814-cü ildə (bəzi mənbələrə görə 1811-ci ildə) Şuşada adlı-sanlı bəy ailəsində anadan olub.
Hərbi xadimin həyatı və fəaliyyəti barədə yazıçı-jurnalist Şəmistan Nəzirlinin müəllifi olduğu “Azərbaycan generalları” kitabının (Bakı-1991) 17-19-cu səhifələrində ətraflı tanış olmaq mümkündür. F.Ağayev bir sıra mükafat və ordenlərə layiq görülüb, general-leytenant rütbəsinədək yüksəlib.
O, 1844-cü ildə Nikolay Nikolayeviç adı ilə pravoslavlığı qəbul edib, xaç atası İmperator Nikolay Pavloviç, xaç anası isə imperatorun xanımı Mariya Aleksandrovna olub.
Qeyd edək ki, F.Ağayev Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabininin atasının dayısı olub. H.Zərdabi Tiflisdə təhsil alarkən F.Ağayevin himayəsində yaşayıb.
F.Ağayev qırx ilə yaxın orduda qüsursuz xidmət etdikdən sonra 1882-ci ildə general-leytenant rütbəsində istefaya çıxıb. Ömrünün sonuna kimi Tiflis Xeyriyyə cəmiyyətində çalışıb. 1891-ci ildə Tiflisdə vəfat edib və elə bu şəhərdə də dəfn olunub.
Yuxarıda adıçəkilən kitabda və azərbaycandilli digər mənbələrdə F.Ağayevin dəfn olunduğu yer haqqında hər hansı bir məlumata rast gəlinmir. Elə həmin nəşrdə qeyd olunub ki, F.Ağayev haqqında ilkin məlumata “Kavkaz” qəzetinin 8 dekabr 1891-ci il tarixli sayında rast gəlinir.
Aziz.ge Gürcüstan Milli Parlament Kitabxanasının dövri mətbuat arxivində həmin nəşrin surətini əldə edib. Qəzetin ikinci səhifəsində Fərəc bəy Ağayevin vəfatı ilə bağlı “General-leytenant N.N.Ağayev” sərlövhəli nekroloq yazılıb. Nekroloqda onun hərbi fəaliyyəti və layiq görüldüyü mükafatlar barədə məlumat verilib.
Son iki abzasda deyilir:
“Qocalığı səbəbindən general-leytenant N.N.Ağayev 1882-ci ildə istefaya çıxıb və o vaxtdan Tiflisdə yaşayırdı, ona kömək üçün müraciət edənlərin hamısına böyük xeyriyyəçilik göstərirdi.
Mərhumun cənazəsi Voznesenski kilsəsinin hasarı yaxınlığında torpağa tapşırılıb”.
F.Ağayevin Tiflisdə kilsə divarında dəfn edildiyi barədə məlumata 2019-cu ildə gürcü, rus və ingilis dillərində işıq üzü görmüş “Hərbi sahədə Azərbaycan-Gürcüstan münasibətlərinin təşəkkülünün tarixi aspektləri (tarixi oçerk)” kitabında da rast gəlinir. Nəşrdə həmin kilsə Tbilisinin Sololaki rayonunda yerləşən Amağlebi kilsəsi kimi göstərilib.
Müəlliflərin sözlərinə görə, kilsə 1917-ci il inqilabından sonra bağlanıb və təyinatı üzrə istifadə edilməyib. 1969-cu ildə kilsə tamamilə sökülüb və F.Ağayevin məzarı itirilmiş hesab olunur.
Qeyd edək ki, digər gürcü məndələrində kilsənin 1968-ci ildə yolun genişləndirilməsi səbəbindən uçurulduğu bildirilir. Kilsənin fundamentinin qalıqları üzərində, digər məlumatlara əsasən isə bələdiyyənin ayırdığı torpaq sahəsində 1999-cu ildə yeni kilsənin inşasına başlanılıb. Dini məbəd 2003-cü ildən fəaliyyətdədir.
F.Ağayevin “Tatarskiy bek” (tatar bəy) adı altında məlum olan yeganə fotoşəkli Gürcüstan Milli Parlament Kitabxanasının arxivinə aiddir. Fotoşəklə verilmiş qeyddə bildirilib ki, çəkilmə məkanı və tarixi məlum deyil, müəllifi gürcüəsilli ilk peşəkar fotoqraf Aleksandr Roinaşvilidir.