“Şöhrətə atılan güllə” — Məmməd Arazın İlya Çavçavadzenin ölümünə həsr etdiyi şeiri

Bu gün Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, Xalq şairi Məmməd Arazın (1933-2004) anadan olmasından 91 il ötür.

Şair Gürcüstanın görkəmli ictimai xadimi, yazıçı və publisisti İlya Çavçavadzenin yaradıcılığına dərindən bələd idi. Filologiya üzrə fəlsəfə doktoru Nizami Muradoğlu “Sözün Məmməd Araz zirvəsi” adlı monoqrafiyasında yazır ki, Məmməd Arazın qəlbində İlya Çavçavadzeyə qarşı pərəstiş və hörmət hissi yaranmışdı:

“Şair İlya Çavçavadzenin ev-muzeyində onu təəccübləndirən qəribə bir hal ilə rastlaşır. Məlum olur ki, şairə atılıb onun ölümünə səbəb olmuş qatil gülləsi muzeyin eksponatları içərisində qorunub saxlanılır. Bu hadisə Məmməd Arazın ürəyini titrədir və bu təəssüratdan doğan “Şöhrətə atılan güllə” adlı şeirini yazır. İlya Çavçavadzeni öldürən düşmən gülləsinin muzeydə saxlanılması şairi təsirləndirmişdi. Şair bu gülləni “düşmən” adlandırır”.

Aziz.ge həmin şeiri təqdim edir.

Şöhrətə atılan güllə

                İlya Çavçavadzeni öldürən güllə

                    indi onun ev-muzeyində saxlanılır.

Bir dərə bağırıb güllə səsindən,

Açılıb döşlərdə yarğan-yaralar.

Bir qaya hellənib dağ zirvəsindən,

Bəlkə şairi yox, onu vuralar.

***

Çıxıb mehvərindən fayton çarxları,

Atlar göy qaşıyıb dırnaqlarıyla.

Səksənməsin deyə gürcü dağları

O, boğub səsini dodaqlarıyla.

***

Qırmızı püskürüb vulkan sinəsi,

Ağaclar qırmızı yarpaq gətirib.

O gün düşmənini al qan sinəsi

Özüylə evinə qonaq gətirib.

***

Döşündə yatmayıb qurğuşun qonaq,

Keşikçi dayanıb ev sahibinə.

Baxıram, boz kini indi də oyaq…

Qorxur oyadarlar, oyanar yenə…

***

Uyuyur bir evdə ilham, xəyalət,

Şair ayrı deyil öz millətindən;

Şöhrətin yanında dustaq — xəyanət

Necə də ərimir xəcalətindən.

***

O, mənə çox tanış göründü, dayan!

Neçə yüz illərin gülləsidir o.

Bəlkə Nəsimini dabandan soyan

Cəllad bıçağının qəlpəsidir o.

***

Bəlkə də yayınıb yönəlib bura

Dantes gülləsinin təpdiklərindən.

Qafqazda sağ qalan Lermontovlara

Tuşlanan tüfəngin tətiklərindən.

***

Sabirə tuşlanan hiylələr hərdən

Nizəyə dönməyi bacarmayanda,

Tiflisin xəyanət muzeylərindən

Sifarişlər gəlib yəqin o anda.

***

Baxıram, bir xurma dənəsi boyda

Bir güllə nə dondan nə dona girir.

Bəzən bir elatın qurduğu toyda

Min illik adətin qoynuna girir;

***

Sürünür şöhrətin quyğurunda o,

Keçib divar olur, yeri gələndə,

Bir az aralı dur, aralı, qatso,

Qurğuşun göyərir şair görəndə…

1972