Nikoloz (Baçana) Razikaşvili (1866-1928) görkəmli gürcü şairi Vaja Pşavelanın kiçik qardaşı olub. O, Qori Müəllimlər Seminariyasını bitirib. Bir sıra şeir və əsərlərin müəllifidir, gürcü xalq poeziyasının nümunələrinin toplanılması ilə fəal məşğul olub.
Baçana 1885-ci ildə Qori seminariyasında təhsil alarkən dərs zamanı “Qardaşım Köçərliyə” adlı şeir qələmə alıb. Şeir Azərbaycanın görkəmli maarifçisi, pedaqoqu, tənqidçisi, ədəbiyyatşünası, yazıçı- publisisti, ictimai xadimi Firudin bəy Köçərli (1863-1920) üçün yadigar olaraq yazılıb. Məlumdur ki, F.Köçərli 1879-1885-ci illər ərzində Qori seminariyasında təhsil alıb. Təhsil dövründə Baçana və görkəmli azərbaycanlı ziyalı arasında dostluq əlaqələrinin olduğuna dair məlumatlar var.
Şeir “Bir sinədə iki ürək” (Bakı-1981) kitabında yer alıb, dilimizə Əlixan Binnət tərcümə edib.
Aziz.ge həmin şeiri təqdim edir.
Quzğun uçub gəldi dağın dalından,
Vadilər ruhuna yatdı bu yerdə.
Gördü ki, leş-leşə veribdi hər yan,
Axır arzusuna çatdı bu yerdə.
***
Günəş öz işində, Günəşə nə var,
Bizim Günəşimiz qaraldı, qardaş.
Azad bir quş idik, vurub saldılar,
Yetər, hövsələmiz daraldı, qardaş.
***
Gəl mənə həyan ol, sevinsin ürək,
Dar gündə arxadı qardaş qardaşa.
Sözümüz, sirrimiz bir olsun gərək,
Uca dağlar kimi dayanaq qoşa.
***
Gərək xidmət edək təmiz niyyətə,
Kədəri, sevinci yarı bölək biz.
Gərək ya qələbə çalaq zülmətə,
Ya da soyuq məzar olsun yerimiz.
***
Bilirəm, köksündə çırpınan ürək
Nəcibdi, təmizdi, sən mənə sirdaş.
Bu kiçik şeirimi ümid rəmzitək.
Qardaşlıq rəmzitək qəbul et, qardaş.