Viktor Dolidze (1890-1933) Gürcüstanın peşəkar musiqi sənətinin banilərindən biridir. Bəstəkarın müxtəlif janrlı musiqi əsərləri aydın melodikliyi və harmoniyası ilə seçilir. V.Dolidze əsərlərində gürcü folklor nümunələrindən istifadə edirdi və bu səbədən melodiyaları yaddaqalan olub, böyük populyarlıq qazanıb.
V.Dolidze “Keto və Kote” adlı ilk gürcü komik operasının müəllifidir. Avksenti Tsaqarelinin “Xanuma” pyesinin motivləri əsasında 1918-ci ildə yazılmış operanın premyerası 1919-cu ilin dekabrın 11-də baş tutub. Əsər bu gün də Tbilisi Opera və Balet Teatrının səhnəsində uğurla nümayiş etdirilir. 1948-ci ildə V.Dolidzenin operasının motivləri əsasında “Keto və Kote” bədii filmi çəkilib və ekran əsəri Gürcüstan kinematoqrafiyasının klassikası hesab edilir.
Bəstəkar “Leyla” (1922) və “Tsisana” (1929) operalarını da yazıb. “Zamira” (1931) operası onun vaxtsız vəfatına görə yarımçıq qalıb. V.Dolidze 43 yaşında tif xətəliyindən dünyasını dəyişib.
V.Dolidzenin yaradıcılıq irsində simfonik əsərlər də xüsusi yer tutur. O, 1925-ci ildə “İveriada” adlı simfonik fantaziya, 1932-ci ildə orkestrlə birgə fortepiano üçün konsert bəstələyib.
Gürcü bəstəkarın klassik əsərləri arasında “Azərbaycan” adlı simfoniyaya da rast gəlinir. Gürcü mənbələrində əsər haqqında geniş məlumat olmasa da, yalnız yazıldığı dövrün 1931-1932-ci illərə aid olduğu qeyd edilib. Ehtimal olunur ki, “Azərbaycan” simfoniyası da V.Dolidzenin vaxtsız vəfatı səbəbindən başa çatdırılmayıb.
Aziz.ge böyük gürcü bəstəkarın “Azərbaycan” simfoniyası haqqında araşdırmalarını davam etdirir. Gürcüstanın Milli Parlament Kitabxanasının Musiqi Departamentinin, Tbilisi Dövlət Konservatoriyasının və Gürcüstan Bəstəkarları İttifaqının əsərlə bağlı detallı məlumat təqdim edəcəyi gözlənilir. Əsərin not yazısının surətini də əldə etməyə çalışacağıq.