Burda iftixarla çarpır ürəyim — Xəlil Rza Ulutürkün “Gürcü torpağı” şeiri

Bu gün Azərbaycan poeziyasının tanınmış nümayəndəsi, Xalq şairi Xəlil Rza Ulutürkün (1932-1994) anadan olmasından 92 il ötür. Yaradıcılığı vətənpərvərlik duyğuları ilə zəngin olan şair Azərbaycan ədəbiyyatı tarixinə istiqlal və üsyankar şair kimi daxil olub.

Xəlil Rza Ulutürk Gürcüstana da şeir həsr edib. Gürcü şairi Alio Mirtsxulavaya (1903-1971) yazılan şeir “Gürcü torpağı” adlanır.  

Aziz.ge həmin şeiri təqdim edir.

Budur öyrənməli, gəzib görməli,

Duyub dərk etməli ən gözəl diyar;

Onun hər daşında, hər kərpicində

Gürcü dəsti-xətti, gürcü ruhu var.

***

Gəzirəm…

gözlərim dağda, aranda,

Bu torpaq nə qədər doğma görünür.

Xalq igid olanda, cəsur olanda

Onun sərçəsi də qartala dönür.

***

Dağların dalında dağlar pəhləvan,

Belində meşənin yaşıl kəməri.

Çapıq qayaların aralarından

Tökülür günəşin işıq dərzləri.

***

Bolnisi-Sion-nəhəng abidə,

On beş əsrdir ki, durub dağ kimi.

Qalxıb qanadlanır dörd tərəfində

Gül açan bağların bəyaz yelkəni.

***

Hələ Mtsxeti, Araqva üstə

Qədim Gürcüstanın qızıl paytaxtı.

Yandı parıl-parıl kəhkəşan kimi

Rustaveli vaxtı, Tamara vaxtı.

***

Seyr elə yamyaşıl sərv ağacını,

Dayanmış qəhrəman oğullar kimi.

Başında günəşin qızıl tacını

Daşıyır dünyaya hökmdar kimi.

***

Səni görmək üçün, ey dost diyarı,

Qartal dalğaları yorub gəlmişəm.

Kürün axarını üzü yuxarı

Qızıl balıq kimi yarıb gəlmişəm.

***

Gəlmişəm Qaradağ zirvələrindən

Mavi alov saçan o kəmər kimi.

Əlibayramlıdan Rustaviyəcən

Gələn ildırımlı naqillər kimi.

***

Gəlmişəm!

Qanımda qanın qaynasın,

Qəlbindən qoparıb alov ver mənə.

Gürcü göylərinin nəhəng aynası

Baxsın Azərbaycan üfüqlərinə.

***

Burda iftixarla çarpır ürəyim.

Köksüm kainatdır elə bil mənim.

İzin ver bu sözü gürcü tək deyim:

-Mənim Gürcüstanım! Mənim Vətənim!