Azərbaycan “Basqalı”nın Gürcüstanda “erməni şalaxosu” kimi təqdim edilməsinə etirazını bildirib

2023-cü il noyabrın 3-də Gürcüstanın “1TV.GE” telekanalında yayımlanmış “Natalia & Datuna” şou proqramında Azərbaycan Respublikasının xalq artisti Aftandil İsrafilovun müəllifi və ifaçısı olduğu məşhur “Basqalı” rəqsi ilə müşayiət olunan mahnı “Somxuri şalaxo”- “erməni şalaxosu” kompozisiyası kimi təqdim olunub.

2024-cü ili sentyabr ayının 14-də isə Gürcüstanın digər televiziya kanalı “İMEDİ”də yayımlanan “Çveni şou” proqramında da “Basqalı” Azərbaycan rəqsinə (musiqisinə) yazılmış və Dodona Namoradzenin ifa etdiyi mahnı yenə “erməni şaloxosu” adı altında təqdim olunub.

Azərbaycanın Əqli Mülkiyyət Agentliyindən bildirilib ki, bu faktlar Gürcüstanın müxtəlif televiziya kanalları vasitəsilə Azərbaycanın mədəni irs nümunələrinə, o cümlədən Azərbaycan musiqisinə münasibətdə növbəti erməni oğurluğunun nümayişi təsəvvürü yaradır və ciddi narahatlıq doğurur.

“Basqalı” rəqsi Azərbaycanla yanaşı Qafqaz ölkələrində və digər MDB məkanında Azərbaycana məxsus rəqs nümunəsi kimi geniş yayılmışdır. Azərbaycan Əqli Mülkiyyət Agentliyinin ekspertləri – tanınmış bəstəkarlar Eldar Mansurov, Faiq Sücəddinov və Cavanşir Quliyevin rəylərində də “Somxuri şalaxo” – “erməni şalaxosu”nun musiqisi Azərbaycanın məşhur qarmon ifaçısı Aftandil İsrafilovun yaratdığı “Basqalı” rəqsi (musiqisi) ilə üst-üstə düşdüyü göstərilir. Rəqs Azərbaycan muğamı “Bayatı-Şiraz” əsasında yaradılıb.

A.İsrafilovun 1970-ci ildə yaratdığı “Basqalı” rəqsinə digər ifaçıların repertuarında da geniş yer verilib. Müəllif bu rəqsi Azərbaycanın İsmayıllı rayonunun Basqal kəndində yaşayan xeyriyyəçi dostunun şərəfinə yazmış və bu səbəbdən onu “Basqalı” adlandırıb.

C.Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasının 1984-cü ildə istehsal etdiyi “Xaş s muzikoy” (rus dilində) adlı qısametrajlı komediya filmində (filmin ssenari müəllifi və rejissoru Vaqif Mustafayevdir) də bu musiqi səsləndirilir və filmin titrlərində rəqsin müəllifi kimi A.İsrafilovun adı qeyd olunub. A.İsrafilovun müəllifi olduğu orta ixtisas, uşaq musiqi və incəsənət məktəbləri üçün 2012-ci ildə nəşr olunan “Rəqslər” adlı tədris vəsaitində “Basqalı” rəqsinin musiqisinin notları verilib.

2017-ci ildə norveçli musiqiçilər Daniel Lazar (skripka) və Espen Vensaas (mandolina) duet şəklində “Basqalı”nı ifa edərək Youtube platformasında Azərbaycandan gözəl instrumental musiqi adı altında paylaşıblar.

Arxiv sənədləri, musiqişünas ekspertlərin rəyləri və musiqinin xarici ifaçı tərəfindən paylaşımı da “Basqalı” rəqsinin azərbaycanlı müəllifə məxsus olduğunu təsdiq edir.

Bu ilin 24 may tarixində “Rustavi” telekanalında yayımlanan “Paatas da Nikas şou” proqramında isə “Bu qala, daşlı qala” adlı Azərbaycan xalq mahnısı “Sənə sevgi söz verirəm” adı altında gürcü dilində təqdim olunub. Amma mahnının Azərbaycan xalq mahnısı olduğu qeyd edilməyib. “Bayatı-Şiraz” muğamı əsasında yaradılmış bu mahnı bütün Yaxın Şərqdə məşhurdur və çox geniş yayılıb, hətta Türkiyədə əhalinin əksəriyyəti şənliklərdə bu mahnını çalıb-oxuyur və onu Azərbaycan xalq mahnısı kimi ifa edirlər.

“Rustavi” telekanalında “Bu qala daşlı qala” adlı Azərbaycan xalq mahnısı “Sənə sevgi söz verirəm” adı altında gürcü dilində təqdim olunarkən Azərbaycan Respublikasının və Gürcüstanın üzv olduqları ÜƏMT-nin “Ədəbi və bədii əsərlərin qorunması haqqında” Bern Konvensiyasının 15-ci maddəsinin 4-cü hissəsinin tələbləri nəzərə alınmayıb.

Yuxarıda göstərilən faktlar eyni zamanda ÜƏMT-nın Müəlliflik hüququna dair Müqaviləsinin, habelə“Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında əqli mülkiyyətin qorunması sahəsində əməkdaşlıq haqqında Saziş”in tələblərinin də pozulması deməkdir.

Azərbaycanın Respublikasının Əqli Mülkiyyət Agentliyi yuxarıda göstərilənlərlə əlaqədar Gürcüstan Milli Əqli Mülkiyyət Mərkəzi “SAKPATENTİ”nin rəhbərliyinə məktub göndərib. Məktubda Gürcüstanın 1TV.CE, “İMEDİ” və “Rustavi” telekanallarında Azərbaycana məxsus olan “Basqalı” rəqsinin “Somxuri şalaxo” – erməni şalaxosu” kimi təqdim edilməsinin və “Bu qala, daşlı qala” adlı Azərbaycan xalq mahnısından istifadə olunarkən onun mənbəyinin və mənsub olduğu xalqın adının göstərilməməsinin səbəblərinin araşdırılaraq müvafiq tədbirlərin görülməsi, bu barədə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə məlumat verilməsi və bir daha belə halların təkrarlanmaması üçün məsələnin daim nəzarətdə saxlanılması xahiş edilib. Həmçinin bildiririk ki, hüquq pozuntularını təsdiq edən müvafiq materiallar da “SAKPATENTİ”-yə təqdim edilib.