Azneft binasının layihə müəllifinin Tbilisidəki şəxsi iqamətgahı  — İslam memarlığının bənzərsiz nümunəsi

Tbilisinin David Aqmaşenebeli prospektinin hər iki tərəfində yerləşən tarixi binalardan biri ilk növbədə Şərq memarlıq elementləri ilə diqqəti cəlb edir. Binanın bənzərsizliyi və qeyri-adi energetikası yanından ötənləri ayaq saxlayıb hər bir detalını, qeyri-adi naxışlarını və pəncərələrini incələməyə vadar edir. Həmin tikili D.Aqmaşenebeli prospekti 128 ünvanında yerləşir və mədəni irs abidəsi statusuna malikdir.

Aziz.ge böyük ikimərtəbəli binanın tarixçəsi ilə bağlı araşdırma zamanı aşkarlanan maraqlı məqamları təqdim edir.

İlk maraqlı məqam binanın memarı ilə bağlıdır. Tikilinin memarı Paul Şterndir. 1893-1894-cü illərdə inşa edilmiş bina tanınmış alman memarın şəxsi iqamətgahı olub. D.Aqmaşenebeli prospektində bu evlə yanaşı P.Şternin layihələndirdiyi daha üç bina yerləşir.

Qeyd edək ki, P.Şternin ən möhtəşəm layihələrindən biri Bakının mərkəzini bəzəyir. Azneft meydanında yerləşən və “Azneft”in binası adlandırılan tikili 1893-1896-cı illərdə inşa olunub. Tikili vaxtilə Azərbaycanın neft milyonçularından biri olan Mirtağı Babayevə məxsus saray olub. Bina ölkə əhəmiyyətli memarlıq abidəsidir.

“Azneft”in binası

Alman memar Tiflisə qardaşı Viktor Şternin dəvəti ilə XIX əsrin 90-cı illərinin əvvəllərində gəlib. P.Ştern hazırkı Tbilisi Opera və Balet Teatrının tikintisi zamanı mühəndis işlərinə rəhbərlik edən qardaşına kömək edib.

Binanın memarlıq elementləri haqqında ətraflı məlumata Maya Manianın “Tbilisidə alman memarları” adlı kitabında rast gəlmək mümkündür. Tikilini Tbilisidə İslam eklektizminin ən yaxşı nümunəsi adlandıran müəllif qeyd edib ki, fasad kompozisiyası İslam və Avropa memarlıq elementlərinin uyğunlaşdırılması ilə yaradılıb və buna görə də tikili Tbilisi memarlığının ən görkəmli nümunələrindən biri hesab olunur. Bina hündür taxta çardağı ilə də fərqlənir.

Kitabda tikilidəki pəncərələrin tərtibatında istifadə olunmuş altıbucaqlı ulduzlara da izah verilib. Bu ulduzların “Solomon möhürü” olduğu bildirilib. Qeyd edək ki, altıbucaqlı ulduz İslam mədəniyyətində “Süleyman möhürü” (Süleyman peyğəmbər) kimi tanınır. Şərq mədəniyyətlərində ulduzu əmələ gətirən bir üçbucaq bütün müsbətlərin, digəri isə bütün mənfilərin rəmzi kimi qəbul olunub. Nişanın özü isə iki əksin —  xeyir və şər, materiya və ruh, gözəllik və eybəcərliyin qarşılıqlı təsirini simvolizə edir.

Binanın fasadı Avropa və Şərq üslubunda olsa da, daxili həyətində Tbilisiyə xas taxtadan oymalı eyvanları görmək mümkündür. Vaxtilə açıq olmuş uzun verandalar daha sonralar şüşələnib.

P.Şternin Tiflisdə yaşadığı evin binasını layihələndirən zaman İslam memarlıq elementlərindən bacarıqla istifadə etməsi deməyə əsas verir ki, tanınmış alman memar bu memarlığı ən mükəmməl və misilsiz hesab edib.

Tikilidə 2016-cı ildə bərpa işləri həyata keçirilib. Hazırda binada mehmanxanalar və kommersiya oyektləri fəaliyyət göstərir.