Azərbaycanın Xalq yazıçısının “Duyğular imperiyası” kitabı gürcü dilində nəşr edilib  

Azərbaycanın Xalq yazıçısı, dramaturq, Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Tərcümə Mərkəzinin İdarə Heyətinin sədri Afaq Məsudun “Duyğular imperiyası” kitabı gürcü dilində işıq üzü görüb.

Aziz.ge xəbər verir ki, kitabın təqdimatı ötən gün Gürcüstan Yazıçılar Evində baş tutub.

“Duyğular imperiyası” A.Məsudun müxtəlif illərdə qələmə aldığı esselərin silsiləsidir. Gürcü dilinə kitabı ÜmumGürcüstan Rustaveli Cəmiyyətinin rəhbəri, şair Davit Şemokmedeli tərcümə edib. Tərcüməçi A.Məsudu gürcü ədəbiyyatının böyük dostu adlandırıb. O, nəşrdə yer alan esselərin mövzu istiqamətlərini, insan taleyi, dünyabaxışı barədə düşüncələrin ifadə tərzini yüksək qiymətləndirib.

Təqdimat mərasimində  Gürcüstanın Dövlət mükafatı laureatı, “Şərəf” ordenli yazıçı-dramaturq, tərcüməçi İmir Məmmədli, gürcü ədəbiyyat və mədəniyyət xadimləri iştirak ediblər. İştirakçılar “Duyğular imperiyası” haqqında fikirlərini bölüşüblər, kitabın gürcü dilində işıq üzü görməsini alqışlayıblar.  

A.Məsud bildirib ki, kitab ÜmumGürcüstan Rustaveli Cəmiyyətinin təşəbbüsü və dəstəyi ilə gürcü dilində nəşr edilib. Xalq yazıçısı kitabın nəşrinə, gürcü qonaqpərvərliyinə, təşkil olunmuş təqdimat mərasiminə görə təşəkkürünü bildirib. O, kitabın gürcü dilində işıq üzü görməsindən hədsiz sevinc hissi keçirdiyini qeyd edib.

Afaq Məsud və İmir Məmmədli Gürcüstanın ədəbiyyat ictimaiyyəti tərəfindən mükafat və medallarla təltif olunublar.

Tədbirin yekununda türkcə və gürcücə mahnılar ifa olunub, A.Məsud qonaqlar üçün “Duyğular imperiyası” kitabını imzalayıb.