Gürcüstanın yeni mədəniyyət naziri Azərbaycan Mədəniyyəti Muzeyinə baş çəkib

Gürcüstanın yeni mədəniyyət və idman naziri Tinatin Ruxadze Tbilisidəki Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyini ziyarət edib.

Aziz.ge xəbər verir ki, bu barədə Gürcüstanın Mədəniyyət və İdman Nazirliyinin məlumatında bildirilib.

Nazir muzeyin direktoru Leyla Əliyeva və mədəniyyət ocağının kollektivi ilə birgə binaya baxış keçirib, muzeyin qayğıları ilə maraqlanıb. T.Ruxadze rəhbərlik etdiyi nazirliyin muzeyə dəstəyini bir daha təsdiqləyib.

Məlumatda qeyd olunub ki, M.F.Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyi Gürcüstan və Azərbaycan arasında mədəni körpüdür. Muzey 1982-ci ildə M.F.Axundovun anadan olmasının 170 illiyi münasibətilə Tbilisidə görkəmli azərbaycanlı dramaturq, ictimai xadim və yazıçının vaxtilə yaşadığı evdə açılıb.

“Mirzə Fətəli Axundovun həyatı Gürcüstanla sıx bağlı olub. Axundov 1834-cü ildən Tbilisidə yaşayıb və Qafqaz baş hakiminin dəftərxanasında şərq dillərinin tərcüməçisi kimi çalışıb. O, eyni zamanda Tbilisidə qəza məktəbində pedaqoji fəaliyyətlə də məşğul olub, türk və fars dillərindən dərs deyib. Axndovun yaradıcılığı Azərbaycan və Yaxın Şərqdə ədəbiyyat və ictimai fikrin inkişafında böyük rol oynayıb”, – məlumatda deyilir.

Qeyd edək ki, T.Ruxadze oktyabrın 18-də Gürcüstanın mədəniyyət və idman naziri təyin olunub. Həmin vaxta qədər o, Milli Gənclər Sarayının direktoru vəzifəsində çalışıb. Nazir postu Tea Tsulukianinin hakim “Gürcü Arzusu” partiyasının seçki siyahısına daxil edilməsindən sonra vakant idi.